Dövlət maraqları, yoxsa oxucu sayının üstünlüyü?

0
33

Mayın 29-da Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sosial şəbəkələrdə milli maraqların qorunması” layihəsinin yekun seminarı keçirilib. Seminarda çıxış edən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova bildirib ki, mediada məlumatların yayımlanması milli maraqların qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki medianın geniş auditoriyası var və burada verilən informasiya həm ölkə daxilində, həm də xaricində sürətlə yayılır. Buna görə də, verilən informasiyanın milli maraqların müdafiəsi baxımından rolu da nəzərə alınmalıdır. Qeyd edilib ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. O səbəbdən də, hərbi məlumatların, xüsusi ilə hərbi sirr sayıla biləcək informasiyanın KİV-də yayımlanması milli maraqlara zərbə vurur. Düşmən sosial şəbəkələrdə yayımlanmış informasiyadan öz xeyrinə istifadə edə və əməliyyatların gedişindən öz xeyrinə istifadə edə bilər. Bu zaman media nümayəndələri oxucu sayını, yaxud İP üstünlyünü yox maraqları düşünməlidir. A.Nəsirova əlavə edib ki, mətbuatda yayımlanan bəzi məlumatlar cəmiyyətin inkişafına da mənfi təsir göstərir. Kriminal aləmin nümayəndələrinin qəhrəman kimi təqdim edilməsi, intihar hadisələrinin geniş işıqlandırılması yeniyetmə və gənclərin mənfi istiqamətə yönəlməsinə səbəb olur. Bu da öz növbəsində sağlam düşüncəli, vətənpərvər ruhlu cəmiyyətin inkişafına mane olur. Dünyagörüşlü, dövlətin milli maraqlarını qoruyan sağlam düşüncəli gənclərin yetişməsi üçün yayımlanan informasiyanın maraqların qorunması baxımından üstünlüyü nəzərə alınmalıdır. Məlumat verilib ki, Azərbaycan mediasının qarşısında dövlət maraqlarından irəli gələn bir sıra öhdəliklər dayanır. Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri, onun regional və beynəlxalq əhəmiyyətli layihələrinin əhəmiyyətini işıqlandırmaq KİV-in öhdəliklərindən biridir. Bu gün Azərbaycanda Avroliqanın yarımfinal mərhələsinə aid yarışın keçirilməsi bu istiqamətdəndir. Bəzi, özünü “müxalif” adlandıran qruplar şaiyələr yaymağa və bu tədbirin əhəmiyyətini azaltmağa çalışdı. Lakin keçirilən tədbirlər və yarışı izləmək üçün gələn turistlərin sayı, əcnəbilərin oyuna marağı bu qüvvələrin yanıldığını göstərdi. Daha sonra BDU-nun Tədris Studiyasının müdiri Ramin Rzayev çıxış edərək Azərbaycanın malik olduğu ali dəyərlərin təbliğ olunmasının dövlət maraqlarına mühüm töhfə olduğunu qeyd edib. Onun sözlərinə görə, tolerant, multikultural dəyərlərə malik olan, Şərqlə Qərb sivilizasiyalarının qovşağında yerləşən ölkəmiz bu üstünlüklərinə görə bütün dünyada təbliğ olunmalıdır. Müxtəlif dinin və xalqların nümayəndələrinə qarşı göstərilən bu tolerant münasibətin təbliği ölkəmizin milli maraqlarının qorunmasına müsbət təsir edir. Vurğulanıb ki, dövlətin milli maraqlarının qorunması yalnız mətbuat nümayəndələrinin üzərinə düşən öhdəlik deyil. Bu gün hər kəsin əlində internetə çıxış imkanları olan mobil telefonlar var. İstənilən şəxs müşahidə etdiyi materialı çəkib internetdə paylaşır. Bu zaman milli maraqlar arxa planda qalır və ona zərbə dəyir. Bütün bunların qarşısını almaq üçün sadə vətəndaş da, müxtəlif peşə sahəsində çalışan insanlar da duyarlı olmalı, dövlətin maraqlarını üstün tutmalıdır. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, ətraflı müzakirələr aparılıb.