Fakültəmizin Gündüzü

0
421

İnsan yeni mühitə düşəndə həmişə özündən böyüklərin qayğısına, daha təcrübəlilərin tövsiyəsinə ehtiyac hiss edir. Xoşbəxtəm ki, üç il əvvəl BDU-nun Jurnalistika fakültəsinə qəbul olanda ilk vaxtlardan müəllimlərin, həmçinin yuxarı kurs tələbələrinin diqqət və qayğısını öz üzərimdə hiss etdim. Onlardan biri də həmin vaxtlar fakültəmizin dördüncü kursunda təhsil alan Gündüz Camalzadə idi. Məni maraqlandıran məsələlər barədə fikirlərini öyrənir, müəllimlər, keçirilən fənnlər barədə çoxlu suallar verirdim. Tədricən mühitə öyrəşdim və onu da dərk etdim ki, jurnalistika fakültəsi bir ailədir: Hamı bir-biri ilə səmimi, mehribandır. Gündüz isə bu kollektivin ən alicənab üzvlərindəndir. Bir neçə il keçdi-mən semestrləri, kursları başa vurduqca o da məzun oldu, Azərbaycan Dövləti İqtisad Universitetində magistratura pilləsində təhsilini davam etdirdi. Bu ilin sentyabr ayından etibarən bir müddət fakültəmizdə tyutor kimi çalışdı.

Həmin zaman kəsiyində tələbələrin, o cümlədən birinci kursların rəğbətini, sevgisini qazandı.Özünün ictimai fəallığı, işinə sevgisi ilə daim seçilirdi. Təsadüfi deyil ki, hər tənəffüs onu dəhlizdə görürdüm; ya tələbələrə nə isə başa salır, ya dərs cədvəlində  düzəliş edir, ya da vəzifəsinin tələb etdiyi başqa bir işlə məşğul olurdu. Nümunəvi fəaliyyətinə görə çox keçmədi ki, BDU-nun “Sabah” qruplarına dekan müavini təyin edildi. Sevindirici tərəf ondan ibarətdir ki, tələbə kimi necə sadə və təvəzökar idisə, indi də həmin xarakterini qoruyub saxlayır. Bu səbəbdən də günü-gündən ucalır.

Gündüzü  tanıyan hər kəs, eləcə də, müəllimlər onun haqqında müsbət fikirdədirlər. Məsələn fakültəmizin dekanı dosent Vüqar Əliyev onu belə xarakterizə edir: “Gündüz bizim fakültəmizdə həm təhsil alıb, həm də işləyib. Tələbə kimi necə intizamlı idisə, işinə də bir o qədər məsuliyyətlə yanaşırdı. Özünün çalışqanlığının nəticəsidir ki, o, artıq dekan müavinidir. Gündüzün  uğuru bizim hər birimizin uğurudur. Məzunumuzla ancaq fəxr etmək olar.”

Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli də tez-tez Gündüzdən danışan, onu digər tələbələrə nümunə göstərən müəllimlərdəndir. “Gündüz həm oxumasına, həm də ədab-ərkanına görə seçilib. Müəllimə belə tələbələr az-az qismət olur. Belə demək mümkünsə, Gündüz kimiləri nadir tapıntılardır.”

Onun haqqında olan xoş fikirlər kifayət qədərdir. Ancaq yazımızın həcminin artmaması üçün hamısını qeyd etməyə, məncə, ehtiyac yoxdur. Bir faktı oxucuların nəzərinə çatdırım ki, bu gün universitetimizin “Sabah” qruplarına getmişdim ki, Gündüzlə görüşüm. Otağa daxil olanda nə isə yazdığını gördüm. Orada olduğumun fərqinə vardıqdan sonra ayağa qalxdı, səmimi görüşdük, danışdıq. Təxminən yarım saatlıq müddət ərzində bir neçə tələbə sevimli dekan müavinlərinə yaxınlaşdı, ondan nə isə soruşdular, məsləhət aldılar. Və həmin anlarda mən başa düşdüm ki, Gündüz qısa müddət ərzində yeni vəzifəsində də ətrafdakıların rəğbətini qazanmağı bacarıb. Bu isə onu deməyə əsas verir ki, Gündüzün yolu işıqlı, parlaqdır. Eyni ilə adı kimi.

Fakültəmizin hörmətli müəllimlərindən dosent Mahmud Mahmudov hər dəfə məni dəhlizdə görəndə deyir: “Ay Kənan, Gündüz getdi, bu dəhlizləri sənə tapşırdı, deyəsən”. Həmin anlarda qeyri-iradi olaraq gülümsəyir və öz-özümə fərəhlə düşünürəm: “Təki Gündüz daha da irəliyə getsin, o getsin ki, bizim yolumuza da işıq saçsın”.

Bu gün onunla sözün əsl mənasında fəxr etdiyim, tanığıma görə özümü xoşbəxt hesab etdiyim Gündüz Camalzadə növbəti yaşına qədəm qoydu. Təbrik edir, ən xoş arzularımı çatdırırıam. Şübhəsiz, xeyli hədiyyə alacaq, xoş sözlər eşidəcək. Dəqiq bilirəm ki, ən böyük arzularından biri növbəti ad günlərini Qarabağda qeyd etməkdir. Nə vaxtsa o gün gələcək və mən daha təkmil yazı ilə yenə özümə qardaş qədər əziz bildiyim Gündüzü təbrik edəcəm. O vaxta kimi isə uğur uğur gətirəcək..

 Kənan Novruzov