Getməyə az qalıb…

0
11

 

Kənan Novruzov, BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi

 

…Vaqondan çıxdıqdan sonra sürətlə ekskalatora doğru yeriyirəm. Adətim üzrə sol tərəflə pillələri qalxmağa başlayıram. Həm yaxşı səhər idmanıdır, həm də nə qədər tez fakültədə olsam o qədər yaxşıdır. Az qala havaya çıxar-çıxmaz üç ildir təhsil aldığım doğma Bakı Dövlət Universitetinin mühafizə işçilərinin səsini eşidirəm: “Vəsiqələr…”, “Tələbə biletlərini göstərin…” Cibimdən tələbə biletini çıxarır, gənc mühafizə əməkdaşına göstərərək “sabahınız xeyir” deyir və sanki kiçik şəhərciyi xatırladan geniş heyətə daxil oluram. Ləngimədən üçüncü mərtəbəyə-tələbəsi olduğum jurnalistika fakültəsinə qalxıram. Tələbələr dəhlizdə iki-iki, üç-üç yığışıb söhbət edirlər. Zəng səsini eşitdikden sonra ikinci mərtəbəyə-221-ci otağa düşürəm. Ard-arda iki dərsimiz (“Qəzetdə praktik iş” və “Qəzetin tipi və informasiya siyasəti”) bu auditoriyada olacaq. Çox keçmədən müəllimimiz Könül xanım gəlir və dərsə başlayırıq… Yazılarımızı oxuyur, yoxlayır, müzakirə edirik. Vallah, dəqiqələr necə keçir bilmirəm. Müəllimimiz ərsəyə gətirdiyimiz “Jurnalist” qəzetinin son nəşr olunan nömrəsindəki həyat hekayələrimizə verdiyi qiymətləri elan etdikdən sonra sevinirəm- həm “9” almışam. Mən həm də 4 nəfərlik işçi heyətinin tərkibində saatlarla yazılar üzərində işləyib, “Şərq” qəzetinin redaksiyasında xeyli yorulduğuma bu xəbərə iki qat xoş olur.

Tənəffüsdə həmişəki kimi universitetin həyətinə çıxır, bir neçə dəqiqə gəzir, təmiz hava alıram. Uzaqdan birinci kursun ilk semestrində bizə Müasir Azərbaycan dilindən dərs deyən Yaşar müəllimi görürəm. Çoxdandır ki, görmürdüm. Xeyli yaşlaşıb sanki. Məni tanımayacağından qorxaraq yaxınlaşmıram. Xatirələr yadıma düşür. Nə tez keçdi illər…

“Qəzetin tipi və informasiya siyasəti” dərs saatı da həmişəki kimi müzakirələrlə dolu olur. Əlbəttə, gərək toqquşan fikirlər olsun ki, bir nəticə hasilə gəlsin. Ümumiyyətlə, tam əminliklə deyə bilərəm ki, Könül xanım tez bir zamanda çox səmimi mühit yaratmağı bacarıb. Tələbələr öhdələrinə düşən KİV orqanları haqqında məlumat verirlər. Yanımda əyləşən komanda yoldaşlarımızdan birinə deyirəm ki, gələn dəfə növbə bizdədir, gərək yaxşı hazırlaşaq. Müəllimə yenə də təqdimatlardan tam razı qalmır və deyir ki, mən istədiyim kimi deyil. Bəlkə də, elə biz onun istədiyi kimi təqdimat hazırlaya biləcəyik. Gözləyək…

Dərs bitəndən sonra üçüncü mərtəbəyə qalxırıq, bir neçə dəqiqəyə fotojurnalistikadan seminar saatı başlayacaq. Dəhlizdə dekanımız Vüqar müəllimlə qarşılaşıram. Görüşürük, dərslərimlə maraqlanır. Sağ olsun, digərləri kimi o da həmişə mənə diqqət və qayğı göstərib. Çalışıram ki, hər birinin etimadını doğruldum.

Ötən semestrdən tanıdığımız Mirakif müəllim auditoriyaya girər-girməz hamı öz yerini alır. Müəllim vaxt itirmədən gümrah səs tonu ilə dərsə başlayır. Fotokaməranın quruluşundan, işıqdan, rənglərdən danışır. Yəqin, əksəriyyət fikrimi təsdiqləyər ki, üçüncü dərs saatında yorğunluq özünü göstərir. Buna baxmayaraq, çalışıram ki, müəllimə maksimum diqqətlə qulaq asım.

 

Zəngin vurulmağına iki-üç dəqiqə qalmış bir neçə tələbə “müəllim, zəngin vaxtıdır” deyərək sanki xəbərdarlıq edir. Ardınca da zəngin səsi eşidilir. Müəllim ləngimədən son sözlərini deyir, dərsi yekunlaşdırır və portfelini yığaraq auditoriyadan çıxır. Sonra da biz otağı tərk edirik.

Çox vaxt olduğu kimi bufetə düşüb çay içir və yenidən fakültəyə qalxıram. İkinci növbədə oxuyanlar artıq dəhlizdə görünürlər. Xətrini çox istədiyim tələbələrdən birini görürəm. Adətim üzrə əl uzadıram. Təbəssümlə əlimi sıxır. Eyni təbəssümlə “necəsən?” deyə soruşur. “Çox sağ ol” deyirəm. Əksəriyyət kimi o da bilir ki, çox danışmağı xoşlamıram. Bu vaxt qrup yoldaşı bizə yaxınlaşır və adətən olduğu kimi zarafatla “Ay Kənan, get dəəə evə” deyir. Sadəcə gülümsəyirəm. Ürəyimdə isə düşünürəm: “Az qalıb, gedəcəm. Amma bu mühit mənim üçün çox əzizdir axı, getmək istəmirəm…”