Jurnalistika fakültəsi sizin üçün nəyi ifadə edir?

0
123

Mən  Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə bu il qəbul oldum, yəni I kurs tələbəsiyəm. Doğrusu, 12-13 yaşlarıma qədər rəssamlıq sənətinə çox marağım var idi. Amma ailəm rəssam olmağımı istəmirdi. Düşünürdüm ki, görəsən, mən hansı peşə, sənət sahibi ola bilərəm? Bir çoxlarına deyildiyi kimi mənə də müəllim, həkim olmağı təklif edirdilər. Mən isə daha çox yaradıcı sahələrə meyilli idim.

Həmişə televiziya kanallarını izləyəndə  müsahibələr zamanı müxbirin və ya aparıcının həmsöhbətinə verdiyi sualları özüm üçün qeyd edirdim. Televiziyaya böyük maraq göstərirdim. İllər keçdikcə bu ixtisasa olan sevgim daha da artırdı. Yəni hazırda jurnalistika fakültəsində oxumağım heç də təsadüfi deyil.

Ən sevdiyim universitetin ən çox arzuladığım fakültəsinə daxil olduğum üçün çox şadam. İlk gündən bəri dekanımız və digər müəllimlərin tələbələrlə səmimi münasibətinin şahidiyəm. 7 aydır ki, təhsil almağıma baxmayaraq, bu yer mənə çox əziz və doğmadır. Həqiqətən də, digər fakültələr arasında fərqlərimizdən biri də, bəlkə də, sözün əsl mənasında ailə olmağımızdır.

Fakültənin müəllim və tələbələrinin bu fakültə haqqında olan fikirləri mənim üçün çox maraqlı idi. Ona görə də bu sualla onların fikirlərini öyrənmək istədim:

 

” Jurnalistika fakültəsi sizin üçün nəyi ifadə edir? “

 

Vüqar Əliyev ( Jurnalistika fakültəsinin dekanı, dosent) : “Jurnalistika fakültəsi, ilk növbədə, mənim üçün bir ailəni, doğma yeri ehtiva edir. Çünki mən 16 yaşımdan bu universitetdəyəm və 23 yaşımdan Jurnalistika fakültəsində çalışıram. Mənim bütün həyatım, xoş anlarım – hər şey bu fakültə ilə bağlıdır. Ona görə də Jurnalistika fakültəsinin mənim üçün özəl yeri, böyük bir dəyəri var.”

 

Cahangir Məmmədli (Jurnalistika fakültəsinin professoru, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri) : “Jurnalistika fakültəsi mənim üçün bütöv bir dünyadır. O, mənim həyatımın məzmunudur. Çünki mən 2 dəfə Jurnalistika fakültəsi üçün imtahan vermişəm və 2-ci imtahandan sonra bura daxil olmuşam. İlk imtahanda qəbul olmadıqda, 1960-cı ildə Ukraynada Sovet Ordusunda hərbi xidmətdə olmuşam. Daha sonra hərbi xidmətimi Kamçatkada davam etdirmişəm. Hərbi xidməti başa vurduqdan sonra imtahan verib bu fakültəyə qəbul oldum. Jurnalistikaya meyilli olmağımın səbəbi odur ki, mən şagirdlik vaxtlarımdan yazıb-pozurdum. Yəni hər hansı bir mövzuda yazı yazmaq mənim üçün heç vaxt problem olmayıb. Burda müəllim işləmək üçün 2 il laborant kimi fəaliyyət göstərmişəm. Hazırda isə professoram. Bu fakültə mənim ömrümün, həyatımın böyük bir hissəsidir. Müsahibələrimin birində demişdim ki, bura mənim üçün o qədər müqəddəs yerdir ki, cənazəmin dəfn yerinə universitetdən aparılmasını vəsiyyət edəcəm. Məni “yağlı yerlər”ə çox dəvət ediblər. Heç vaxt həmin yerlərə getməmişəm. Ona görə ki, mən özümü fakültəmsiz, universitetsiz heç yerdə təsəvvür edə bilmirəm.

ALLAH bu universiteti, fakültəni və tələbələrini qorusun.”

 

Kənan Novruzov(jurnalistika fakültəsinin III kurs tələbəsi): “Bəzən mənə elə gəlir ki, 3 ildir təhsil aldığım jurnalistika fakültəsinə dünən qəbul olmuşdum. Üç il necə keçdi bilmədim. Bildiyim odur ki, jurnalistika fakültəsi və buradakı hər kəs mənim üçün çox əzizdir. Gözəl insanlar-müəllimlər, dostlar, yoldaşlar tanımışam. Jurnalistika fakültəsində və bu fakültə vasitəsilə xoş ilklər yaşamışam. Jurnalistika fakültəsinə, buradakı mühitə o qədər öyrəşmişəm ki, hətta bəzən ikinci növbənin də dərslərinə qalır, auditoriyalardan, dəhlizdən çıxmaq istəmirəm. Bu müqəddəs məkan mənim üçün əsl məktəbdir. Təsəvvür ediləndən də çox şey öyrənmişəm və öyrənməkdə davam edirəm.”

Rasim Sarı(Jurnalistika fakültəsinin, II kurs tələbəsi) : “Jurnalistika fakültəsi sadəcə ixtisas təhsili verən fakültə deyil. Bura həm də tələbələrin ailə mühitində toplandığı məkandır. Ona görə də əziz, doğma və əvəzedilməzdir.”

 

Aytac Əliyeva (Jurnalistika fakültəsinin, I kurs) : “İlk növbədə onu deyim ki, fakültəmiz mənim üçün bir ailədir. Çünki burda olan müəllimlərin əksəriyyəti tələbələrə dost kimi, isti və səmimi münasibət göstərir və bizə sevgi ilə yanaşırlar.  Problemlərimizi həll etmək üçün bizə hər cür kömək edirlər. Bu görə də jurnalistika fakültəsi mənim ikinci evim, ikinci ailəmdir və bu fakültəni sevirəm.”

Aydın Nurullayev (Jurnalistika fakültəsi, II kurs) : “ Bura uşaqlıq arzularımı gerçəkləşdirmək istədiyim məkandır. Jurnalistika fakültəsi ən ali məqsədlərimə gedən yolun başlanğıcıdır.”

Lətif İsmayılov (Jurnalistika fakültəsinin, I kurs tələbəsi) : “Jurnalistika fakültəsini seçməyimin əsas səbəblərindən biri bu ixtisas vasitəsilə cəmiyyətə informasiyanın asanlıqla çatdırmağın mümkünlüyüdür. Belə ki, bu ixtisas xalqın, eyni zamanda da dövlətin diqqətindədir və əsl jurnalistlərin sayəsində bu belə də davam edəcəkdir. Bu fakültəni seçməyin digər danılmaz səbəblərindən biri də söz sahibi olmaqdır və həmin hüquq insanı daha məsuliyyətli olmağa vadar edir. Yəni bir jurnalist söz sahibi olmaqla kütləyə müəyyən dərəcədə təsir edir. Bu təsir yaxşılığı müdafiə edirsə, həmin jurnalist əsl jurnalist sayılır. ”