Təhsildə vətənpərvərliyin gücləndirilməsi

0
27

Vüqar Əliyev

Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə qarşı qürur hisslərinin formalaşdırılması son dərəcə əhəmiyyətli məsələdir. Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi prosesi bu və ya digər dərəcədə təhsil prosesi ilə sıx bağlıdır.

Qeyd etməliyik ki, Qərb ölkələrinin təhsil prosesində bu amilə böyük diqqət yetirilir. Uşaqlarda erkən yaşlardan vətəndaş mövqeyinin formalaşdırılması üçün müxtəlif seçmə fənlər tədris edilir və ya onlarla əlavə məşğələlər təşkil edilir. Hesab edirik ki, bu gün bölgədə öz müstəqil siyasəti ilə seçilən və lider rolunu oynayan Azərbaycanımızın təhsil sistemində də bu məsələlərə diqqət yetirilməsi, dövlətçiliyimizin möhkəmlənməsi və gənclərimizin dövlətimizin ətrafında daha sıx birləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edər. Bu həm də xaricdən bizə ekspansiya edilən yad fikir və ideoloji istiqamətlərdən onları qorumaq və yeri gəldikdə onlara qarşı çıxarmaq baxımından da əhəmiyyətli olar.

Təcrübə göstərir ki, gənclər üçün baza bilikləri müəyyənləşdirən dərsliklərdə mövcud olan çatışmazlıqlar və ziddiyyətlər onlarda yanlış və elmi əsasları olmayan dünyagörüşü formalaşdırır. Məsələn, Azərbaycan tarixi dərsliklərinin əksəriyyəti tarixi reallıqları əks etdirmir və köhnə sovet ideoloji prinsiplərindən hələ də çıxış etməkdədir. Əfsuslar olsun ki, dərsliklərimizin lazımi səviyyədə olmaması nəticəsindədir ki, bu gün milli qəhrəmanlarımızı ya olduğu kimi tanımır və ya onlar barəsində ümumiyyətlə heç bir məlumata malik deyilik. Xüsusilə vurğulamaq lazımdır ki, dərslik və dərs vəsaitlərinin hazırlanması və tədrisi Ana Yasamıza və dövlətçilik prinsiplərinə zidd olmamalı, onlarla vahid təşkil etməlidir.

Bununla əlaqədar olaraq, xüsusən sosial və humanitar fənlərin tədrisi Azərbaycançılıq üzərinə qurulmalı, Azərbaycanın tarixi, coğrafiyası, hüdudları dəqiq şəkildə tədris edilməli, əhalinin etnik kökləri, etnik-dini tərkibi dəqiq və qərəzsiz şəkildə əks olunmalıdır. Dərsliklərdə ömrünü xalqının maariflənməsi və vətəninin azadlığı uğrunda mübarizəyə həsr etmiş nümunəvi ziyalılarımızın və dövlət xadimlərinin həyat və fəaliyyətləri geniş işıqlandırılmalı, gənclərin nümunə götürməsinə çalışılmalıdır. Həmçinin tarixi qəhrəmanlarımızın, vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş milli qəhrəmanların, şəhidlərin və Qarabağ müharibəsi veteranlarının qəhrəmanlıqları da geniş tədris edilməlidir.

Dövlətin və cəmiyyətin həyatında cərəyan edən ayrı-ayrı problemlərə dair konfranslar, dəyirmi masalar, seminarlar və s. bu kimi tədbirlərlə yanaşı, milli vətənpərvərlik mövzusunda gənclərin bu sahədə biliklərinin yoxlanılmasına və daha da artırılmasına xidmət edən müxtəlif növ tematik intellektual yarışlar, orta məktəb şagirdləri arasında olimpiadalar və s. keçirilməlidir. Əfsus ki, biz yalnız torpaqlarımızın itirilməsi ilə bağlı günlərdə belə tədbirlər təşkil edir və bu tədbirlərin çoxunu da matəm əhval-ruhiyyəsi ilə tərk edirik.

Orta və ali təhsil müəssisələrində Azərbaycan dövlətinin əsaslarını və vətəndaşlıq anlayışının mahiyyətini açıqlayan, dinimizin əsaslarını öyrədən xüsusi fənlərin də tədrisi müsbət hal olardı. Bu fənlərin predmetinin müəyyən edilməsi üzrə dövlət orqanlarının xüsusi nəzarəti altında hərtərəfli elmi araşdırmalar aparılmalı, müvafiq mütəxəssislər və dövlət orqanları tərəfindən tam müsbət rəy alındıqdan sonra tədris edilməlidir. Paralel olaraq mütəmadi şəkildə həmin dərsliklərin ekspertizası aparılmalı, dəyişən gerçəkliklərə uyğunlaşdırılmalıdır. «Azərbaycan dövlətinin əsasları», «Vətənşünaslıq» kimi xüsusi fənlərinin tədris edilməsi bizim bir millət olaraq bu torpaqlarda 4000 illik dövlətçilik tariximizin olmasını gənclərimizə aşılaya, dövlətimizin uğurlu xarici və daxili siyasətinin gənclərimizə onların qavraya biləcəyi bir formada çatdırılması üçün əhəmiyət kəsb edə bilər.

Milli və dini dəyərlərin təbliği və bu istiqamətdə maarifləndirmə işinin düzgün təşkil edilməsi də son dərəcə önəmli məqamdır. Dəyərlərin savaşının getdiyi bir zamanda hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan türkünün öz dövlətinin arxasında durmalı olduğu həqiqəti çatdırılmalıdır. Məlumdur ki, Azərbaycan dünyəvi dövlətdir və dini maarifləndirmə işi ilə bağlı aparılan istənilən addımda bu məqam ön planda olmalı və vurğulanmalıdır. Digər tərəfdən dinimizi olduğu kimi bilmək və sevmək, əhalisinin böyük əksəriyyəti müsəlman olan bir ölkə üçün əhəmiyyətli məsələdir. Dinimizin ümumbəşəri bir din kimi öyrənilməsi bu gün xaricdən bizə ötürülən bir sıra qeyri-ənənəvi islam cərəyanlarının və həmçinin digər dinlərin gənclərimiz arasında yayılmasının qarşısını ala bilər. Sirr deyil ki, bu gün Azərbaycanımızda öz prinsipləri ilə dövlətçiliyimizə və milli bütünlüyümüzə xələl gətirən bir sıra dini cərəyanların yayılması və əfsuslar olsun ki, gənclərimizin müəyyən hissəsinin də bu cərəyanların ardınca getməsi halları mövcuddur.

Təhsilimiz gələcəyimizdir. Bu gün Azərbaycanımızın təhsilindəki inkişaf göz qabağındadır. Boloniya prosesinə qoşulmaqla təhsilimiz dünya təhsil sisteminə uğurla inteqrasiya etməkdədir. Lakin unutmayaq. Yüksək səviyyəli təhsil, qərb standartları hələ hər şey deyil. Biz öz milli kimliyimizi, milli-mənəvi irsimizi də öyrənməli, bilməli və nəsildən-nəslə ötürməliyik. Bu bizim dövlətimiz qarşısında, torpaqlarımızın bütünlüyü uğrunda şəhid olmuş baba və atalarımızın ruhu qarşısında və gələcək nəsillərin önündə ən müqəddəs borcumuzdur.