Bəlkə, bir də görüşərik…

0
52

Kənan Novruzov, BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Hələ 2015-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə sənəd verəndə və sonradan bura qəbul olanda gələcəkdə məni nələrin gözlədiyindən xəbərsiz idim. Elə bilirdim ki, sadəcə tələbə olacam, jurnalistikanın sirlərinə yiyələnəcəm. Amma gözlədiklərimdən daha çoxu oldu. Gördüklərim, yaşadıqlarım və tanış olduğum insanlar sayəsində bu məkan tez bir zamanda mənim üçün çox əziz və müqəddəs bir ocağa çevrildi. O qədər gözəl insanlar, öz işini bilən, peşəkar müəllimlər tanıdım ki, bu illər ərzində. Təkcə öz fakültəmizdən də yox, həm də digərlərindən. Məsələn filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorları Yeganə İsmayılova, Sənan İbrahimov, müasir Azərbaycan dili kafedrasının dosenti Yaşar Məmmədli, mülki müdafiə və həyat təhlükəsizliyi kafedrasının müəllimi Vasif Piriyev, sosial elmlər və psixologiya fakültəsinin sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Müşviq Mustafayev, fəlsəfə kafedrasının müəllimləri Elmar Hüseynov, Oktay Hüseynov və digərlərinin hər biri bizə cəmi üç ay dərs keçmələrinə baxmayaraq yaddaşımda əbədi qalan insanlara çevrildilər. Yəqin ki, Yeganə xanımın hər tədbirə, kitab təqdimatına bizi dəvət etməsini, Sənan müəllimin humanistliyini, Yaşar müəllimin zamanın necə keçdiyini bilmədiyimiz maraqlı mühazirələrini, Vasif müəllimin “cavan oğlan” xitabı ilə başlayan müraciətlərini, Müşviq müəllimin təmkinliliyini, sonuncu dərsdə dediklərini, Elmar müəllimin məntiq kimi çətin predmeti maksimum sadələşdirərək izah etməsini, Oktay müəllimin “birlə vahidin fərqdi nədir?” kimi məşhur sualını heç vaxt unutmayacam. Onu da deyim kimi, ixtisasıma müvafiq olaraq  müxtəlif vaxtlarda adını çəkdiyim pedaqoqların üçündən- Yaşar Məmmədlidən, Müşviq Mustafayevdən və Elmar Hüseynovdan öz sahələrinə uyğun müsahibələr almış və beləliklə də, həm də onları daha yaxından tanıya bilmişəm.

Bəlkə də, həyatımın ən xoş xatirələrini elə burada yaşamışam. Hər halda, hələ ikinci kursda oxuyarkən hörmətli müəllimlərimizdən dosent Mahmud Mahmudovun təşəbbüsü ilə “İlk addım” adlı birinci kitabım çap olundu və fakültəmizdə təqdimatı keçirildi. Şübhəsiz ki, unudulmaz gün idi. Müəllimlərim- dekanımız Vüqar Zifəroğlu, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri professor Cahangir Məmmədli, Ayaz Musayev və digərləri həmişə olduğu kimi həmin gün də yanımda idilər.

Müxtəlif rayonlara səfərlər etdik. Zaman-zaman əsl jurnalistlərə xas şəkildə birlik, həmrəylik göstərdik. Həm çətin, həm də çox xoş günlərimiz oldu. Müəllimlərimizin köməkliyi ilə jurnalistikanın bütün qollarının sirlərinə yiyələndik. Efirlərə çıxdıq, mətbuatda yazılarımız dərc olundu. Fakültəmizin tədris teleradio studiyasında studiya müdirimiz Ramin Rzayevin dəstəyi ilə ideya müəllifi və aparıcısı olduğum “İdmançı” verilişinin ilk buraxılışının çəkilməsi və efirə getməsi, professor Cahangir Məmmədlinin etimad göstərməsi ilə “Qarabağ” qəzetinin üç nömrəsinin iki qoşa səhifəsinin hazırlanmasının mənim rəhbəri olduğum komandaya həvələ edilməsi, fakültəmizin “jurnalistika.info” saytının idarəsinin mənə tapşırılması və başqa hadisələr də unudulmaz məqamlar sırasında idi.

Burada həm də dostluğu, yoldaşlığı öyrəndik. Əlbəttə, təkcə təhsildə yox, şəxsi sferada da müəyyən olaylar oldu. Etiraf edirəm, onların arasında arzuolunmazlar da var. Amma yenə də BDU-nun Jurnalistika fakültəsində keçirdiyim hər bir dəqiqə mənim üçün əvəzedilməzdir. Bunu əminliklə və tam səmimiyyətimlə deyirəm.

Artıq məzun olmağa hazırlaşırıq. Üç il geridə qaldı. 100 illik əzəmətli universitetden, onunla yarı yaşda olan jurnalistika fakültəsindən ayrılmağıma az qalıb. Bunu heç istəməsəm də, zaman heç nəyi gözləmir, heç kimə güzəştə getmir. Bəlkə, bir də görüşərik, doğma BDU, əziz fakültəm və sevimli müəllimlərim.

Ona kimi isə xatirələrlə kifayətlənək…