Dalğa taleyi…-Kənan Novruzov yazır

0
4

 

Kənan Novruzov, BDU Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi

Dalğalara yazığım gəlir bəzən. Bilirsiz niyə? Əzmkarlıqla, yolulmadan irəliləyir və sonda, lap sonda parça- parça olurlar. Kilometrlərlə qət etdikləri yol birdən- birə puç olur. Nəhəng dalğalar daha kiçik ləpələrə, onlar isə öz növbəsində ləpəciklərə bölünür. Hərdən də sahildəki insanlar üçün əyləncə obyektinə çevrilir. Onunla məzələnirlər. Halbuki bir az əvvəl, yəni dalğa hələ öz “nüfuz”unu qorumağı bacaranda ondan qorxur, çəkinir, təhlükəsizlik barədə düşünürdülər.
Bəzən uzaqdan gələn dalğanın vahiməli səsi insanı qorxuya salır. Ancaq bir az sonra həmin gurultu ən yaxşı halda laylay təsiri bağışlayır. İki-üç dəqiqə əvvələ kimi dalğadan ehtiyatlanan insanlar daha onu ciddiyə almırlar. Görəsən, həmin anlarda dalğalar özləri onlara olan münasibəti, qarşındakının dəyişən duyğularını hiss edirlərmi?
… Dalğalar, əvvəlcə, öz zəhmi ilə qarşısındakının onunla hesablaşmasını təmin edir, sonra sürətini azaldaraq parçalanır, məhv olur, ardınca isə onu bir başqa dalğa əvəz edir. Bu proses dayanmadan davam edir. Nəhəng dalğalar gəlir, məhv olub gedirlər…
İnsanların da taleyi bəzən belə olur- eyni ilə dalğa taleyi kimi. Bir vaxtlar başqalarının ona təzim etdiyi halda, elə vaxt gəlir ki, sayılmırlar, sözləri eşidilmir. Və bəzən cilaladığı, bəzən də hamarlatdığı qayaların xatirələrində qalırlar. Sonra onların yerinə bir başqası gəlir. Necə də, acınacaqlıdır… Allah heç kimə dalğa taleyi qismət eləməsin.