Professionallıq, yoxsa sadiqlik?-Kənan Novruzov yazır

0
14

Kənan Novruzov, BDU Jurnalistika fakültəsinin IV kurs tələbəsi

İllər əvvəl gələcəkdə işinin peşəkarı olmaq arzusu ilə bir müəssisəyə üz tutursan. İlk günlər çətin olsa da, çox keçmir ki, öyrəşirsən. Burada bacarıqlı, qayğıkeş kollektivin köməyi, diqqət və qayğısı sayəsində konkret işin əlifbasını öyrənirsən. Həm də əməkdaşların özlərinə alışırsan, əziz insanlarından birinə çevrilirlər. Çətin və xoş günlərdən onlarla birlikdə keçirsən. Tədricən konkret sahənin nümayəndələri tərəfindən tanınırsan. Hətta səmərəli fəaliyyətin nəticəsində bir çoxları səni işinin bilicisi hesab edir. Yavaş- yavaş mütəxəssislərin də diqqətini cəlb edirsən (əlbəttə, sənə bu işi öyrədən də mütəxəssisdir). Zaman- zaman problemlər olur və düşünürsən ki, başqa bir yer olsa idi, ora gedərdim. Sonralar səndə də özünə inam yaranır. Hiss edirsən ki, əgər bu amalla, bu səbrlə davam etsən gələcəkdə konkret sahənin ən yaxşı və tanınmış nümayəndələrindən biri ola bilərsən.
Uzun vaxt keçir. Səni başqa qurumlardan dəvət edirlər. Qəbul etmir, artıq ikinci evinə çevrilmiş iş yerinə xəyanət etmək istəmirsən. Ancaq günlərin bir günü, gözləmədiyin anda, elə insandan təklif gəlir ki, düşünməli olursan. Tərəddüdə qalırsan. Daxilindəki daha irəli getmək həvəsi ilə sadiqlik duyğusunun mübarizəsi səni narahat edir. Qərar vermək üçün isə vaxt çox azdır. Orta mövqeyi seçmək istəyirsən. Lakin həm də bilirsən ki, bu, ən pisi də ola bilər. Reallıqları qiymətləndirir, perspektivləri təhlil edirsən. Bunları düşünəndə seçdiyin sahənin təsir etdiyi taleyinin kəşfiyyatçıların taleyi ilə oxşar olduğunu dərk edirsən. Və tanınmış dedektiv yazıçı Çingiz Abdullayevin romanlarının birindəki sitat yadına düşür: “… Dronqo hiss edirdi ki, burada ona aid nə isə var. Burada daha çox qalmaq istəyirdi. Hətta düyünü belə tez açdığına görə özünü günahlandırırdı Lakin bilirdi ki, professionallıq emosiyaları sevmir. Getməlidir. Çünki indi ona başqa yerlərdə, başqa həyatlarda ehtiyac var…
… Nadir peşə sahibləri kimi, kəşfiyyatçıların da çiyin çantaları həmişə hazır olmalıdır. Onlar qəfil gedişlərin həmişə olacağı ehtimalını nəzərə almalı və sadəcə gecikməməlidirlər…”.
Ola bilsin, bu sahə də elə yazıçının nəzərdə tutduğu nadir peşələrdən biridir…