Zaman geri qayıtmır

0
20

  Turqay Musayev, BDU, Jurnalistika fakültəsinin I kurs tələbəsi   

 Nazim Hikmət: Böyük bir ciddiyətlə yaşayacaqsan…

***

Zaman elə gedir, elə gedir, sanki dalından atlı düşüb. Birdə görürsən ki, artıq uşaq deyilsən. Daha əvvəlki kimi qayğısız, qəmsiz deyilsən. Yaş öz sözünü deyir. Yaş artdıqca insan dərk edir ki, heç də hər şey sadə, bəsit deyil. Heç də var olmaq, mövcud olmaq asan iş deyil. Ən əsası həyat onunla zarafatı sevmir. Bu mənada dahi Xalq şairi Zəlimxan Yaqubun  “Zarafat gəlməsin sənə bu dünya” şeiri yada düşür. Şeirin birinci bəndindəki sakitliyə, təmkinli olmağa çağırış əslində çoxumuzun həyat fəlsəfəsi olmalıdır:

Zarafat eləmə, qurbanın olum

Bu dünya zarafat meydanı deyil

Qarışqa yerişi rahat yerişdi

Bu meydan köhlən at meydanı deyil!

Gənc olduğumdan gəncliyin nə olduğunu bilirəm. Qanımızın qaynadığını, qəlbimizin və beynimizin daim üsyan etdiyini başa düşürəm. Tələskənik. Çox şeyin həvəsində olur və hər addımbaşı səhv edirik. Bəzən heç bundan xəbərimiz də olmur. Ancaq, məncə, səhv etmək həm də yaxşıdır. Çünki doğrularla bizi tanış edə bilir. Amma bəziləri ömürləri boyu səhv etmirlər. Ona görə ki, addım atmağa qorxurlar, öz  xəyallarının dalınca getmirlər. Öz xəyallarını başqalarının diktəsinə qurban verirlər. Bax, əsl faciə onda baş verir. Çünki bu ömürlük peşmanlıq yaradır. Ömrünün sonrakı çağlarında insanın heyfsilənməsinə səbəb olur. Vaxt, zaman isə geriyə qayıtmır. Heç ikinci şans filan da verilmir.

Odur ki, vaxtımızı qurban verməklə xeyir tapmarıq. Nə qədər ki, gec deyil, nə qədər ki, imkan var, istəklərimizin dalınca gedək. Yıxılsaq da eybi yoxdur. Elə hamımız yıxıla-yıxıla böyümüşük… Gərək istədiyimiz hər şeyi edək ki, ömür kitabımızda boş səhifə olmasın. İllər sonra o kitabı vərəqləyəndə yazılmamış səhifələri görüb təəssüflənməmək üçün həyatla zarafat etməmək, onun ciddiliyini qəbul etmək lazımdır. Həyatın bir qızıl qaydası var-zaman geri qayıtmır.