Opera və Balet teatrında “Jizel” baleti nümayiş olunacaq

0
8

Sentyabrın 28-də XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baleti nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşada Jizel partiyasını sənət ocağının balet truppasının aparıcı solisti, Əməkdar artist Nigar İbrahimova ifa edəcək. Baleti professional səviyyəsini yüksəltmək məqsədilə teatrın rəhbərliyi əsas partiyalardan birini – qraf Albert partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Stanislav Olşanskini dəvət edib.
Səhnə əsərində, həmçinin Əməkdar artist Elmira Süleymanova (Mirta), aparıcı solist Anar Mikayılov (Meşəbəyi Hans) və başqaları da çıxış edəcəklər.
Balet teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatı laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

AzərTAC-a istinadən