“Azərbaycan qadını”: həyatına yeni baxış bucağı

0
29

Afaq Sadıqova

1923-cü ildə Azərbaycan qadınlarının həyatında mühüm bir hadisə baş verdi. Həmin ilin noyabrında Azərbaycan Qadınlar Şurasının orqanı “Şərq qadını” jurnalının ilk sayı çapdan çıxdı. Azərbaycanda və bütövlükdə müsəlman Şərqində ilk qadın jurnalının nəşrə başlaması, qadınları öz hüquqları uğrunda mübarizəyə, təhsilə və fəal həyata səsləməsi, əlbəttə ki, o dövrdə böyük əks-səda doğurdu. Ayda bir dəfə işıq üzü görən, hər nömrəsi maraqla qarşılanan, bütün Şərq aləminə, o cümlədən keçmiş SSRİ respublikalarına yayılan jurnal yenilik carçısı, qadın hüquqlarının müdafiəçisi kimi çıxış edirdi. Jurnalın populyarlığı digər Şərq ölkələrində, eləcə də SSRİ-də oxşar nəşrlərin yaranmasına gətirib çıxarır. Nəticədə “Şərq qadını”nın adı dəyişdirilərək 1938-ci ilin fevralın¬dan etibarən “Azərbaycan qadını” adlandırılır.
Azərbaycanda dövlət müstəqilliyinin yenidən bərpasına qədər jurnal qadınlarımızın neçə-neçə nəsillərinin maariflənməsi, müstəqil söz sahibi olması, öz hüquqlarının müdafiəsi işində müstəsna rol oynamışdır. Jurnal qadınların mənəvi təmas və ünsiyyət vasitəsi kimi çıxış etmişdir. Yenilik, müasirlik, milli dəyərlərə, tarixi təcrübəyə sədaqət hissi, qabaqcıl sənət mövqeyi hər zaman bu jurnalın fəaliyyətini səciyyələndirən başlıca prinsiplər olmuşdur.
“Azərbaycan qadını” oxucularla əlaqəsini gücləndirməklə ədəbiyyat və incəsənətin ayrı-ayrı məsələlərinin müzakirəsinə geniş yol açmışdır. Yeni çıxan əsərlərin obyektiv qiymətini verməyi, ictimaiyyətin fikrini ifadə etməyi gündəlik iş kimi qəbul edən jurnal ədəbi-tənqidi fikrin hələ lazımı səviyyədə olmadığını etiraf etməklə yanaşı, səthi, sönük əsərlərə, xüsusən oxucuların artan, inkişaf edən zövqündən aşağıda duran şeirlərdənuzaq duraraq, tələbkarlığı artırmışdır. Öz səhifələrində, eləcə də digər dövri mətbuat orqanlarında çap olunan hekayə və oçerklərin bədii səviyyə cəhətdən bitkinliyinə ayrıca səy göstərmişdir.
Lakin sovet rejiminin iç üzünün nə olduğunu dərk edənlər yaşadıqları konkret tarixi şəraitdə, maddi, sosial, siyasi həyatda baş verən dəyişiklikləri düzgün qiymətləndirirdilər. Tədqiqatçı alim Gülzar İbrahimovanın da dediyi kimi: “Qəhrəmanlıq” anlayışı altında qul əməyi kimi istismar edilən kolxozçu-pambıqçı, tütünçü qadınların südəmər körpə uşaqlarına verə bilmədikləri ana diqqəti, ana qayğısı və s. həmin dövrdə, əslində, qadına verilmiş “azadlığın” görünməyən tərəfi idi”. İstənilən yeniliyin formal xarakter daşıması, insanların hakimiyyətə nəzarət etmək imkanının olmaması rejimə qarşı müxalif ideya¬ların meydana çıxmasına şərait yaratdı. Azərbaycanda sovet hakimiyyətinin qurulmasında iştirak edənlərin bir çoxunun repressiyaya məruz qalması tədricən cəmiyyətdə yeni meyillərin, düşüncələrin yaranmasına təkan verdi. Xalq hakimiyyətinin və bu hakimiyyətin formal xarakteri, azadlığın millətin deyil, ayrı-ayrı şəxsiyyətlərin özülü üzərində qurul¬ması, şəxsiyyətə pərəstişin getdikcə güclənməsi və bu kimi paradoksallıqlar açıq hiss olunmaqda idi. Uzaqgörən insanlarımız mövcud totalitar rejimin verdiyi bəzi müsbət cəhətlərdən istifadə etməklə maarifin inkişafına, pedaqoji kadrların artırılmasına, əhalinin siyasi cəhətdən savadlanmasına çalışdılar və bu prosesdə özləri də yetkinləşərək kamil şəxsiyyətlərə çevrildilər.
1937–40-cı illərdə “Azərbaycan qadını” jurnalına rəhbərlik edənlər də məhz belə ziyalılar olduqlarından onlar tez-tez dəyişdirilir, yaxud jurnalın müəllifləri, müxbirləri repressiya qurbanı olurlar. Beləliklə, jurnalın tarixində böhranlı günlər başlayır. Gülarə Qədirbəyovadan sonra 1937-ci ildən 1940-cı ilədək jurnalın redaktorları bir neçə dəfə dəyişir. Həmin dövrdə Zəhra Kərimova, Barat Kərimova, Züleyxa Əliyeva jurnalın nəşrinə məsul redaktorlar olublar. Repressiya dövrünün azərbaycanlı qadınlara, uşaqlara və bütövlükdə Azərbaycan xalqına vurduğu fiziki, mənəvi-psixoloji zərbələri, Azərbaycan qadınlarının özünü gerçəkləşdirməsində yaratdığı fəsadların psixoloji təhlilini ayrı-ayrı ictimai xadimlərin fəaliyyətində aydın görmək olar.
Qadın zərif məxluqdur. Amma zərif olsa da, qətiyyən zəif sayıla bilməz. Çünki qadın həyat mənbəyidir. Onun cəmiyyətdə rolu təkcə bununla bitmir. Həyatın mənbəyi və mənsəbi olan qadın həm də onun istiqamətçisidir. Başqa sözlə desək, məhz incə duyğuların daşıyıcıları olan qadınlar cəmiyyəti xoş məcralara yönəldir. Şərq və Qərb sivilizasiyalarının qovşağında yerləşən Azərbaycanın uğurları onun qadınının da uğurları sayıla bilər. 1937–38-ci illərdə vəzifədə olan qeyri-azərbaycanlıların “ciddi səyi” nəticəsində Azərbaycan Zaqafqaziyada ən çox dərin zəkaların, düşünən beyinlərin məhvinə yönələn repressiya və deportasiya qurbanlarının ön sırasında oldu. Bunların içərisində Azərbaycan qadınları Nazlı Tahirova-Nəcəfova, Xədicə Qayıbova, Tibb İnstitutunun müəllimi Mədinə Qiyasbəyli, Ayna Sultanova… da var idi. Repressiyaya məruz qalan qadınlar, əvvəla, “xalq düşmənləri”nin həyat yoldaşları və ailə üzvləri idi. Bu xanımların hər biri xalqın milli mənlik şüurunun oyanmasına, maariflənməsinə, mədəni səviyyəsinin artırılmasına, vətəndaşlıq hüquqlarından maksimum istifadə edilməsinə çalışırdılar. Sənubər Əyyubova, Qeysər Kaşıyeva, Məryəm Bayraməlibəyova, Xavər Qarayeva, Nazlı Tahirova, Noimə Əfəndiyeva, Leyla xanım, Mələk xanım, Böyükxanım, Nisə xanım, Pəri xanım, Zivər xanım və b. məhz belə qadınlardan idi.
Azərbaycan xalqı bu dövrdə dərin faciələr yaşadı. 1939–45-ci illərdə 50 milyon insanı öz qurbanına çevirən II Dünya müharibəsində faşizmlə mübarizədə Azərbaycan xalqının əvəzsiz rolu oldu. Azərbaycan qadınları və qızları arxa cəbhədə kişilərin gördüyü işlərin öhdəsindən gəldikləri kimi, ön cəbhədə də böyük rəşadət və qəhrəmanlıq göstərdilər. Bu baxımdan Dürrə Məmmədova, Adilə Əliyeva, Təzəxanım Əzimzadə, Asiya Yusifova, İrina Qədimova və başqalarını xatırlamaq olar.
II Dünya müharibəsinin başlaması bir çox mətbuat orqanları kimi “Azərbaycan qadını”na da təsir göstərir. 1941-ci ildə fəaliyyətini donduran jurnal 1951-ci ilin martında yenidən nəşrə başlayır. Jurnalın zahiri dizaynı də dəyişdirilir və daha cəlbedici olur. Rəhimə Zeynalova başda olmaqla, redaksiya üzvlərinin səyi sayəsində vətənimizin layiqli qadınlarının həyatı ilə bağlı jurnalist materialları, ədəbi-bədii yazılar onun məzmununu zənginləşdirmiş, daha da oxunaqlı etmişdi. O vaxtdan etibarən “Azərbaycan qadını”nın səhifələrində iqtisadiyyat və mədəniyyət xəbərlərini əldə etmək, həkim, müəllim və kulinarların məsləhətlərini oxumaq, hətta məşhur şairlərin sözlərinə bəstələnmiş populyar mahnıların notları ilə də tanış olmaq mümkün idi. Qeyd edək ki, jurnala 1951–61-ci illərdə Rəhimə Zeynalova, 1962–72-ci illərdə isə Şəfiqə Ağayeva rəhbərlik edib.
50-ci illərdən sonra jurnal qadınların elm, mədəniyyət, təsərrüfat, ictimai-sosial sahələrdə qazandıqları uğurlardan yazır, onların məişət və həyat şəraitinin yaxşılaşdırılması mövzularına daha çox yer verirdisə, 60-cı illərdə sovet rejiminin ciddi nəzarəti nəticəsində onun tematikası müəyyən dərəcədə dəyişir. Bununla yanaşı, biz jurnalın bu dövrdəki saylarında hüquqşünas məsləhəti, gənclərin yaradıcılığı kimi mövzulara yer verildiyini görə bilirik. Ümumiyyətlə, 30-cu illərdən fərqli olaraq müharibədən sonrakı həyatında “Azərbaycan qadını”nın səhifələrində “Evi necə bəzəməli”, “Yeni geyimlər”, “Süfrə” kimi sırf qadın həyatına dair yeni fərqli rubrikaların yer aldığını müşahidə edirik.
1965–72-ci illərdə “Azərbaycan qadını”nın redaktoru Şəfiqə Ağayeva, 1972–96-cı illərdə isə Xalidə Hasilova olur. Bu illərdə jurnalın ideya-bədii səviyyəsinin yüksəlməsi hiss olunur. O dövrdə jurnalda “Gözəllik aləmində”, “Mədəniyyət tariximizdən”, “Açılmamış səhifələr”, “Teatr”, “İncəsənət”, “Poeziya yarpaqları”, “Mənəvi tərbiyə”, “El sənətkarları”, “Xarici rəfiqələrimizin həyatı” və s. kimi yeni rubrikalarda Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri, yazıçıları çıxış edirdilər. Bu dövrü jurnalın ən geniş yayılan dövrü adlandırmaq olar. Belə ki, 80-ci illərdə jurnalın tirajı 30 mindən 320 minə qədər artıb. 1951–91-ci illərdə “Azərbaycan qadını” müntəzəm olaraq ayda bir dəfə nəşr olunur. Jurnalın 50 illiyi, 70 illiyi təntənə ilə qeyd edilir və bu tədbirlər dövrün məşhur qadınlarını öz şüarı altında birləşdirərək genişmiqyaslı qadın forumlarından birinə çevrilir. Qeyd edək ki, SSRİ-nin dağılmasını müşayiət edən siyasi, iqtisadi və sosial böhran ölkədə çap olunan dövri nəşrlərin əksəriyyətinin taleyində öz rolunu oynamışdır.
Jurnal bu dövrdə Azərbaycanda ədəbi-bədii fikrin, mədəniyyətin inkişafında, qadın yazıçı və publisistlərin yetişməsində mühüm rol oynamışdır. Şəfiqə Əfəndizadə, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Ələviyyə Babayeva, Xalidə Hasilova, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli və başqalarının bir sıra əsərləri ilk dəfə burada dərc edilmişdir. Redaksiyaya gələn oxucu məktublarından da göründüyü kimi, ölkəmizin ucqarlarından belə çoxlu abunəçi dostları onu vaxtlı-vaxtında oxuyur, qadınlarımızın yeni əsərləri və dünya ədəbiyyatının nümunələri ilə tanış olurlar. Dünyanın müxtəlif ölkələrində yaşayan bir sıra oxucu dostların jurnalda dərc olunmuş məktublarından xalqımızın əldə etdiyi nailiyyətlər barədə ürək sözlərini dinləyir, arzu və istəklərini görürük. 1981-ci ildən, yəni Azərbaycan yazıçılarının VII qurultayından sonra “Azərbaycan qadını”nın beynəlxalq əlaqəsi daha da genişlənmiş, jurnal xüsusilə Azərbaycan ədəbiyyatı ilə Cənubi Azərbaycanda yaranan anadilli ədəbiyyat arasında ədəbi körpülərdən birinə çevrilmişdir.
1990-cı illəri Azərbaycan mətbuatında yeni mərhələ hesab etmək olar. 80-ci illərin sonunda Azərbaycanda ilk dəfə ümummilli, müstəqil qəzetlər meydana çıxdı. Müstəqil nəşrlərin sayı günbəgün çoxaldı. Bəzi KİV-lər güclü nəşr evləri, holdinq şirkətləri, geniş şəbəkəli reklam və informasiya qurumları yaratdılar. KİV dördüncü hakimiyyət funksiyasını yerinə yetirməyə, ictimai fikrə güclü təsir göstərməyə başladı. Amma mətbuat orqanlarının sayının durmadan artması, keyfiyyətinin dayanmadan yüksəlməsi qadınlar üçün nəşrlərin sayında və keyfiyyətində o qədər də güclü hiss olunmadı. Azərbaycanda yeganə qadın mətbu orqanı olan “Azərbaycan qadını” jurnalı da bu illərdə çətin günlərini yaşadı. Kağız və maliyyə çatışmazlığı 1992-ci ildə jurnalın tirajının 5 minə düşməsinə və iki ayda bir dəfə çıxmasına səbəb oldu. Bu tendensiya 1993-cü ildə də davam etdi. 1994-cü ildə jurnalın cəmi 4, 1995–96-cı illərdə isə ikicə nömrəsi işıq üzü gördü.
1997-ci ildə “Azərbaycan qadını”nın tarixində daha yeni bir mərhələ başladı. Jurnalın təsisçisi “Sevil” Azərbaycan Qadınları Məclisi və redaksiyanın kollektivi, baş redaktoru isə Prezident Aparatı humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə oldu. Amma jurnalın bu “yeni həyatı” da intensivliyi ilə seçilmədi. Belə ki, 1999-cu ildən jurnal yenidən çətinliklər məngənəsində sıxılmağa başladı. Jurnalın tirajı 2–3 minə endi. 1999-cu il ərzində yalnız 4 nömrəsi işıq üzü görən “Azərbaycan qadını”nın 2000-ci ilin sonlarında cəmi bircə sayı çapdan çıxıb. Flora Xəlilzadənin baş redaktorluğu ilə işıq üzü görən jurnal yenidən seçilmək, sevilmək üçün, sözün əsl mənasında, çox cəhd göstərdi və nəhayət, 2009-cu ilin mayından yeni tərtibatla işıq üzü görməyə başladı. İndi ictimai-siyasi, ədəbi-bədii jurnal adlandırılan “Azərbaycan qadını” daha nəfis tərtibatla Türkiyə mətbəəsində nəşr olunur. Onun səhifələrində qadınların sosial problemlərindən, Azərbaycan qadınının mənəvi dünyasından daha çox mədəniyyət və incəsənət yeniliklərinə yer verilir. Hazırda “Azərbaycan qadını” jurnalı Azərbaycan və rus dillərində ildə dörd dəfə, 10 min tirajla oxucuların görüşünə gəlir. Bu uzun yolun əvvəlində onu daha çox zərif cinsin nümayəndələrinin saysız-hesabsız problemləri düşündürürdü, indisə jurnal müasir qadının simasını, uğurlarını geniş auditoriyaya təqdim etməyə çalışır…
“Azərbaycan qadını” jurnalı yarandığı ilk gündən cəmiyyətin inkişafı, qadın problemlərinin aradan qaldırılması uğrunda mübarizə aparmış, teatrımızın, musiqimizin, rəssamlıq sənətimizin, publisistikamızın inkişaf problemlərini müasirlik və novatorluq mövqeyindən işıqlandırmışdır. O, ədəbiyyatımızla jurnalistikamız arasında qırılmaz bir körpü yaratmış, publisistikamızın gözəl nümunələrini yaradan sənətkarlarımız üçün bir məktəb olmuşdur. Bu məktəbin qapıları xalqımızın gələcəyi uğrunda yorulmaq bilmədən çalışıb-çarpışan jurnalistlərimizin üzünə həmişə açıq olmuşdur. Jurnal bütün fəaliyyəti boyu Azərbaycan ədəbi prosesinin aynasına çevrilmiş, səhifələrində istər müasir, istərsə də klassik ədəbiyyatımız haqqında maraqlı elmi, ədəbi-tənqidi yazılar dərc etmişdir. Bu gün də öz ənənələrinə sadiq qalan “Azərbaycan jurnalı” öz tipoloji xarakteri ilə KİV sistemində ayrıca yer tutmaqdadır