DÜŞÜNMƏ VƏ İŞLƏMƏNİN YENİ ÜSULU

0
45

Aynur Nəsirova

İnternetin yaranması və nəzarətsiz şəkildə sürətli inkişafı media aləminə “Şəbəkə jurnalistikası” terminini gətirdi. “Şəbəkə jurnalistikası” və ya internet jurnalistikası kompüter sahəsində yeni texnologiyaların tətbiqi ilə bilavasitə bağlıdır. Kompüter texnikasının insanın həyat tərzinə necə və nə qədər nüfuz etdiyini daha konkret olaraq dərk etmək üçün hansı sahələri və necə keçdiyini araşdırmaq lazımdır. Şəbəkə və şəbəkədə jurnalist fəaliyyətinə qlobal sivilizasiya və mədəni proses kimi baxmaq lazımdır.
Noyabrda Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi” mövzusundakı sessiyada da bu məsələyə toxunuldu. Sessiyada çıxış edən UNESCO-nun nümayəndəsi bəyan etdi ki, mediada qlobal dəyişiklik başladığından ənənəvi jurnalistikadan kənarlaşmaq lazımdır. “DMA Media” şirkətinin təlimlər üzrə direktoru Coan Lin Veir isə sosial media jurnalistikası ilə əlaqədar kursların keçirilməsinin vacibliyini gündəmə gətirdi. KİV bu sahəyə sərmayə qoymalı, gənc jurnalistlər üçün kurslar təşkil olunmalıdır. Jurnalistlər xəbər, reportaj hazırlayarkən diqqət ediləcək məqamları bilməlidirlər. Göstərilməsi tövsiyə edilməyən, qurbanların ailələrinə mənfi təsir edən şəkillər barədə məlumatlı olmalıdırlar. Bu gün smartfonlar əsas xəbər mənbəyi rolunu oynayır. Televiziya və radio dinləyicilərinin sayı ilə paralel ənənəvi media qurumlarının gəliri də azalır. Ənənəvi media aradan çıxır. Jurnalistlər rəqəmsal texnologiyaya yiyələnməlidir. Bir çox dünya ölkələrində yaradılan rəqəmsal ekosistemin tətbiqinə çalışmaq lazımdır.
“Şəbəkə jurnalistikası”nda informasiyanın qarşı tərəfə ötürülmə prinsipləri internetin “multimedialılıq”, “interaktivlik”, “anilik”, “sərhədsizlik” kimi bir neçə mühüm xüsusiyyətlərinə hesablanır. İnternet jurnalistikasının “sərhədsizlik” xüsusiyyəti bu peşə sahiblərinə geniş imkanlar yaradır. Jurnalist virtual məkanın yaratdığı imkanlar hesabına yerindən asılı olmayaraq, məlumatı qısa vaxt ərzində lazımı mətbu orqana çatdırmaqla operativlik amilinin öhdəsindən gəlir.
İnternet vasitəsilə ənənəvi mediada rast gəlmədiyimiz ən yeni xəbərləri öyrənmək mümkündür. İnternet medianın əsas üstünlüyü –dünyanın istənilən nöqtəsində əlçatım¬lılığına görə artan populyarlığa malikdir. Bu gün bütün jurnalistlər, xüsusən də şəbəkə daxilində fəaliyyət göstərənlər internetin iş texnologiyalarını dərindən öyrənməlidirlər. Şəbəkə jurnalistləri Web-sayt tərtibini də mükəmməl bilməlidirlər. Nəzərə almaq lazımdır ki, oxucular artıq xəbərlərin passiv qəbulediciləri deyil. Onlar da xəbər yaradır, paylaşır və şərh edirlər. Bir çox ənənəvi xəbər qurumları oxucuların şərh və sualları üçün yazılara e-poçt ünvanı əlavə edir. Bəzən daha da irəli gedilərək oxuculara birbaşa onlayn rejimində şərait yaradılır. Buna qarşı çıxan, yeni modelin onlar üçün hansı imkanlar açdığını qəbul etməyən ənənəvi jurnalistika ilə məşğul olanlar yeni dövrə, yeni eraya keçid mərhələsində yaşadıqlarını undurlar. Dünya jurnalistikası informasiyanın maksimum operativliyinə şərait yaradan yeni texnologiyanın inkişafı ilə yeni mərhələyə qədəm qoyur.
İnternetin auditoriyasının belə günü gündən inkişaf etmə səbəblərindən biri dünyanın istənilən nöqtəsində əlçatımlı olmasıdır. Bundan başqa istifadə haqqı da ildən-ilə ucuzlaşır. Bu gün çox rahatlıqla internetdə bir sayt yarada bilər və bunun dünyanın hər yerindən 24 saat 365 gün izlənilə bilinən bir media olmasını təmin etmək mümkündür. Digər texnologiyalarla müqayisədə bu, inanılmaz bir üstünlükdür. Ən ucuz mətbəə belə ciddi bir maliyyə tələb edir. Televiziya və radionun internetin verdiyi imkanlardan nə qədər qazandığını düşünməyə dəyər. Ənənəvi texnologiyalarda video kassetlər yazılıb sonra yayımlanır, bu da həm coğrafi, həm də maliyyə baxımından bəzi məhdudiyyətlər yaradır. Amma internetdə bütün bunları sıfır maliyyə xərci və heç bir coğrafi məhdudiyyət tanımadan etmək mümkündür. Bu isə informasiyanın zaman və məkan çərçivəsinə salmadan daha geniş ərazidə daha böyük bir auditoriyaya çatmasına şərait yaradır.
İnternetə auditoriya qazandıran və insanları cəlb edən üstünlüklərindən biri onun sürətliliyidir. Artıq informasiyanın yeniliyi günlər, saatlarla yox dəqiqə, saniyələrlə ölçülür. Bu gün internet qəzetlər, portallar informasiya agentlikləri və qəzetlərin internet saytları informasiyanı ən tez vermək uğrunda mübarizədədir. Onlar bəzən yalnız bir neçə saniyə fərqi ilə uduzurlar. Artıq jurnalist informasiyanı yazmaq üçün redaksiyaya getmək məcburiyyətində deyil. O, hadisə yerindəcə yazını hazırlayıb elektron poçtla redaksiyaya göndərə bilər.
Bütün bu sadalanan göstəricilər internetin üstünlükləri olmaqla, həm də internet jurnalistikanı ənənəvi mediadan fərqləndirə bilən cəhətlərdir. Eyni zamanda, internet jurnalistikasının hədəf auditoriyasını genişləndirmə imkanları kimi də xarakterizə oluna bilər.
Media orqanı hələ fəaliyyət proqramını hazırlayarkən artıq öz hədəf auditoriyasını bəlirləmiş olur. Həmin auditoriya media orqanının yaydığı istənilən informasiyanın çatacağı auditoriyadır. Yeni və ənənəvi mediada hədəf auditoriyasının toplama özəllikləri də olduqca bənzərdir. Lakin nəzərə almaq lazımdır ki, yeni medianın öz auditoriyasına çatma və onu cəlbetmə imkanları daha genişdir.
İnformasiyanın oxucuya çatdırma imkanlarının genişliyi olduqca önəmlidir. Yeni medianın ənənəvi mediadan daha bir fərqi onun özünü oxucuya çatdırmaq imkanlarının genişliyidir. Məsələn, biz televiziora baxmaq istəmir və onu açmırıqsa, artıq o bizi heç bir vasitəylə özünə cəlb edə bilməz. Qəzetdə hər hansı bir informasiya yayımlanıbsa, qəzet oxumaq həvəskarı deyiliksə, bu informasiyadan xəbərimiz belə olmayacaq. Lakin biz xəbər portalına baxmırıqsa və vaxtımızı sosial şəbəkələrdə keçiririksə, bu zaman qarşımıza çıxan qəribə bir başlıq və ya maraqlı informasiya məlumatı klikləyib portala daxil olmağımıza bəs edir. Deməli, yeni mediada informasiya oxucusunu tapma qabiliyyətinə daha çox malikdir.
Auditoriya daim informasiya ötürücüsü ilə qarşılıqlı ünsiyyət tərəfdarıdır. Yeni media daha çox interaktivdir. Əlbəttə, ənənəvi mediada da son dövrlərdə interaktivlik cəhdləri artır. Xüsusilə televiziyalarda studiya auditoriyası, telefon bağlantıları, son vaxtlarda isə internet vasitəsilə aparıcı-tamaşaçı dialoqunu təmin etməyə çalışırlar. Lakin bütün bunlarla yanaşı, interaktivlik yeni medianın ən əsas üstünlükləridir. İnternedə məlumat əldə edən istifadəçi öz fikrini nəinki həmin portal və ya saytda həmçinin, müxtəlif saytlarda əlaqə saxladığı adamlarla da bölüşə bilər.
Odur ki, auditoriyanı cəlb etmə imkanlarını nəzərər alarıqsa, internet və kütləvi informasiya vasitələrini, yaxud KİV-i bir-birindən ayrı təsəv¬vür etmək olmaz. Bütün bunlar ona gətirib çıxardı ki, qlobal şəbəkə olan internetin inkişafıyla internet KİV meydana gəldi. Ənənəvi KİV-nə nisbətən auditoriya toplamaq üçün geniş imkanları olsa da ölkəmizdə onun auditori¬yasının hələki azdır. Buna baxmayaraq, intrenet KİV daha tez populyarlıq qazandı. Demək olar ki, bütün KİV-in internetdə öz saytları var, onların əksəriy¬yəti ya həmin materialları verməklə, yaxud da ödənişli çıxışla daim yeniləşən informasiyalar təqdim edirlər.
Jurnalistika dünya informasiya sistemi adlanan internetlə bağlı özünün yeni dövrə, yeni eraya keçid mərhələsini yaşayır.
Jurnalistika və internet anlamını iki səpkidən nəzərdən keçirmək olar: İnternet nəhəng məlumat bazası kimi jurnalistlərin fəaliyyətində yardımçı vasitə və internet bilavasitə kütləvi istifadəçilər üçün yeni qlobal informasiya və kommunikasiya vasitəsi kimi.
Hər iki variant çox geniş yayılıb. Doğrudan da, hər səhər redaksiyada iş müxtəlif intenet səhifələrinin nəzərdən keçirilməsindən başlayır. Ötən gün dünyada nə kimi hadisələrin baş verdiyini öyrənmək üçün o, çox cəld və rahat üsuldur. Jurnalistlər məqalə yazarkən, yaxud da veriliş hazırlayarkən çox vaxt internetdən əldə etdikləri məlumatlardan istifadə edirlər. Bu vaxt mütləq mənbəyə istinad etmək lazımdır, müəllif hüquqları pozulmasın.
O ki qaldı internetin yeni qlobal informasiya vasitəsi kimi olmasına, buna sübut kimi hazırda on minlərlə elektron qəzet və jurnalın, online rejimdə fəaliyyət göstərən yüzlərlə radio və televiziya kanallarının mövcud olmasını demək kifayətdir. Bütün bu internet saytlar hər saatdan bir oxucularına operativ informasiya təqdim etmək iqtidarındadır. Çünki onun strukturu, fəaliyyət mexanizmi və texniki imkanları buna imkan verir. Artıq bu gün cəmiyyətin sosial strukturunda, eləcə də estetik və mənəvi sərvətlər sistemində özünəməxsus yer tutan internet milyonlarla tamaşaçıya təsir edə bilən qüdrətli informasiya vasitəsinə çevrilmişdir.
Jurnalistika və internet anlamını iki səpkidən nəzərdən keçirmək olar: İnternet nəhəng məlumat bazası kimi jurnalistlərin fəaliyyətində yardımçı vasitə və internet bilavasitə kütləvi istifadəçilər üçün yeni qlobal informasiya və kommunikasiya vasitəsi kimi. Hər iki variant çox geniş yayılıb. Hər səhər redaksiyada iş müxtəlif internet səhifələrinin nəzərdən keçirilməsi ilə başlayır. On minlərlə elektron qəzet və jurnalın, online rejimdə fəaliyyət göstərən yüzlərlə radio və televiziya kanallarının mövcudluğu isə internetin yeni qlobal informasiya vasitəsi olmasının sübutudur. Operativlik baxımından qəzet, radio və televiziyanı arxada qoyan şəbəkə jurnalistikası cəmiyyətin sosial strukturunda, eləcə də estetik və mənəvi sərvətlər sistemində özünəməxsus yer tuta bilib. Yeni mediaya tələbat hər gün bir az daha artır. Bloqlardan tutmuş xəbər veb-saytlarındakı oxucu şərhlərinə qədər hər bir məqam debatlara yol açır. Paylaşılan reportaj konsepsiyası xəbər qurumu üçün şəffaflıq formasıdır. Ənənəvi olaraq oxucular hər hansı bir material haqqında yalnız xəbər qurumunun məlumatın üzərində işləməsindən sonra xəbərdar olurlar. Bazardakı rəqabətdə xəbərin məğzini gizlətməyin adi hal olduğunu nəzərə alsaq, paylaşılan reportaj modeli xəbər qrumundan əvvəl ideyanın cəmiyyətə açıqlamaqla xəbərləmə prosesi tələb edir. Səbəb oxucunun xəbərin yayılması prosesində yardımına imkan yaratmaqdır. Bu, jurnalistikanın önəmini heç də aşağı salmır, əksinə, jurnalistləri yeni vasitə və effektlər axtarmağa məcbur edir.
Hər bir reportyorun bloqu olmalıdır. Bu, reportyora fikirlərini təsdiqləmək üçün ictimaiyyətlə oxucuları bir araya gətirmək, ilkin və birbaşa fikirlər ala bilmək və ən başlıcası zaman udmaq imkanı verir. Bu, həm də oxucularla daha dərin əlaqə yaratmaq üçün əsasdır. Mövzunu istifadəçilərin davam etməsi ilə həm reportyor, həm xəbər qurumu, ən əsası da oxucular qazanır.
Azərbaycan internet məkanında blogların jurnalistlərə verdiyi imkanlar günbəgün artır . Bloglardan istifadə imkanı yaradılana kimi dərc olunma problemi ilə qarşılaşan jurnalistlər artıq bu maneələri çoxdan geridə qoyublar. Onların materialları heç bir problem yaşanmadan bloglarda yerləşdirilərək oxucuların ixtiyarına buraxılır. Blogların müxtəlif mövzular üzrə ixtisaslaşması isə ( siyasi, iqtisadi, cəmiyyət, tarix, din, təbabət və s. ) jurnalistlərə özlərinə yaxın mövzular əsasında fəaliyyət göstərməyə şərait yaradır. Belə ki, müəyyən sahə üzrə jurnalist blogların verdiyi imkanlardan yararlanaraq, peşə fəaliyyətində yeni uğurlara nail olur, mütəxəssisə çevrilir. Blogların üstün cəhətləri ilə yanaşı, bəzi çatışmazlıqları da var. Məsələn, blogda yazı yerləşdirən jurnalist mövzusuna uyğun şəkil seçərkən mütləq ölçü amilini nəzərə almalıdır. Belə ki, 170 kb – dan artıq olan şəkilləri blogda yerləşdirmək mümkün deyil. Bu da təbii olaraq şəklin keyfiyyətinə təsir edən amillərdən biridir. Digər bir məsələ isə bloglarda şrift problemidir. Bəzi şriftlər var ki, onlardan istifadə zamanı Azərbaycan dilində olan hərflər elektron səhifədə səliqəsiz dərc olunur. Bu da oxucuda jurnalist haqqında zövqsüzlük təəssüratı yaradır.
Yaxşı bir bloq davam etməkdə olan söhbətdir. Burada jurnalistləri təşvişə salacaq nə yeni konsepiya, nə yeni terminologiya, nə də yeni proqramların çətinliyi var. Biz yalnız düşünmənin və işləməyin yeni üsulu ilə qarşı-qarşıyayıq.
Onlayn jurnalistin yaxşı oflayn jurnalist olması vacib deyil. Veb-jurnalistikaya qoşulmazdan öncə jurnalist interneti bilməli, tapşırıqları yerinə yetirmək üçün savadı və imkanı olmalı, kompüter və şəbəkədə vacib iş vərdişlərinə yiyələnməlidir. Artıq jurnalistlər üç kateqoriyaya bölünüb:
• Ümumiyyətlə internetlə işləməyənlər;
• İnternetə yalnız “giriş kanalı”, informasiya mənbəyi kimi baxaraq, sonradan ənənəvi çap, tele və radio texnologiyalar çərçivəsində emal edən passiv istifa¬də¬çilər;
• öz informasiya məhsulunu Dünya Şəbəkəsində yayaraq, İnternetdən “çıxış kanalı” kimi istifadə edən web-jurnalistlər.
Əlbəttə ki, internetin bu üç kateqoriyadan hər birinə təsiri müxtəlif olacaq. İnformasiya vasitəsi kimi, digər KİV ilə müqayisədə yaşı az olsa da, internetin milyonlarla insanın həyatına nüfuz etməsi sübut edir ki, bir müddətdən sonra qəzet, radio və TV öz əvvəlki aktuallığını itirəcək. İnternet daim yenilənir və onunla işləyən hər bir kəsdən onu öyrənməyi tələb edir. Hər dəfə naviqasiya metodlarını öyrənmək gərəkdir, internetin bütöv xəritəsi yalnız prinsiplərdən ibarət deyil. Elmdəki bu texnoloji dəyişiklikləri daim izləmək, özlüyündə onları təsdiqləmək və mənimsəmək hər bir internet istifadəçisi üçün gərəklidir. İnternet yalnız insan biliklərinin deyil, həmçinin münasibətlərinin anbarıdır, yalnız ekranda dünyanı birləşdirmir, həmçi¬nin yeni nələrsə yaradır, yalnız fəaliyyəti modelləşdirmir, həmiçinin özü fəaliy¬yətin professional sferası halına gəlib. Elə bu səbəbdən də internet-reallıq və gerçəklik haqqında metaforik deyil, praktik mənada danışmaq lazımdır.
“Nyu-York Universitetinin professoru “Mətbuat düşüncəsi “ bloqunun müəllifi Cey Rouzn “Keçmişdə tamaşaçı kimi tanınan adamlar” adlı konsepsiya icad edib. Bu konsepsiyaya görə, artıq bizim göndərən , onların isə qəbul edən tərəf olmadığı sübut edilməyə çalışılır. Artıq oxucu, dinləyici, tamaşaçı iştirak etmək istəyir, onlar xoşlarına gələn xəbərə səs verir, müxtəlif şərhlər yazırlar. Artıq ənənəvi KİV nümayəndələri də bəzən yazıların altında elektron ünvan yazaraq yazı haqqında oxucuların fikir və suallarını öyrənməyə çalışırlar. Bununla da yazar qarşı tərəfin fikrini öyrənir, onun suallarını cavablandırır və növbəti dəfələrdə təklifləri nəzərə almağa çalışır . Yeni mediaya keçid dünyanın hər yerində müzakirə olunur. Bu gün vətəndaş jurnalistikası sürətlə inkişaf edir, müasir informasiya texnologiyalarından istifadə olunur, hər hansı hadisə dərhal telefonla çəkilir, sosial şəbəkədə yerləşdirilir. Lakin “Facebook”, “Tvitter” kimi sosial şəbəkələrdə jurnalistika prinsiplərinə əməl olunmur. Onlar operativdirlər, xəbər vermək standartlarına əməl edilmir, qarşı tərəfin mövqeyi verilmir, balans qorunmur. Bu baxımdan Azərbaycanda internet mediasının yazılı mediaya qalib gəldiyini demək hələ tezdir. Bir sıra ekspertlər hesab edir ki, yazılı media formatını dəyişsə, bu proses davam edəcək. Türkiyə və Rusiyada yazılı mediada reklamın qiyməti internet mediasından daha baha olduğunu nəzərə alsaq bu fikri təsdiqləmiş olarıq. Bu ölkələrdə “brend” olaraq özünü qoruyub saxlayan qəzetlər hələ də etibarlı informasiya mənbəyi rolunu oynayırlar. Azərbaycanda isə internet mediasında reklamın qiyməti qəzetlərdəki qiymətlərdən bahadır. Qəzet sənayesi internet medianın eynisi olmamalıdır. Qəzetlərdə bu gün oxucu auditoriyası üçün adiləşmiş və təkrar xarakterli informasiyalara yox, indi bütün dünya mediasında daha prioritet olan araşdırma jurnalistikasına üstünlük verilməsi daha məqsədə uyğundur.
Tomas W.Cooper yeni texnologiyaların cəmiyyətə təqdim olunması və istifadəsinin özü ilə bir sıra problemlər gətirəcəyini və bunların diqqətlə təhlil edilməsini söyləyib. Onun fikrincə, yeni texnologiyaların gətirəcəyi problemlər daha diqqətlə izlənilməlidir. Çünki bunlar əvvəlki texnologiyalardan fərqli olaraq daha sürətlə yayılırlar.