Gənc mətbuat tarixçisi: “Düşünürəm ki, gələcəkdə özümü təsdiq etməyi bacaracam. “

0
19

 

  Azərbaycanın ən qədim ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində artıq əlli ildir ki, həm də professional jurnalistika təhsili var. Hazırda universitetin  jurnalistika  fakültəsində bacarıqlı, gənc müəllimlər kifayət qədərdir. Onlardan biri də fakültənin “Jurnalistika” Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi Samir Xalidoğludur. Bu gün Samir müəllimin doğum günüdür. O, növbəti yaşına qoyur. Bu münasibətlə gənc mətbuat tarixçisi ilə görüşüb, həmsöhbət olduq. Müsahibimiz suallarımızı səmimi cavablandırdı:

 

-Samir müəllim, yeni yaşınıza qədəm qoydunuz. Bəs ötən yaş xatirənizdə necə qaldı?

-Həm şəxsi həyatda, həm də müəllimlik fəaliyyətimdə uğurlarım çox oldu. Dissertasiya işimi də, demək olar, bitirmək üzrəyəm. Ancaq itkilərimiz də oldu. Hamımızın ustadı olan görkəmli professor Şirmməmməd Hüseynovun vəfatı çoxları kimi məni də kədərləndirdi. Elmi rəhbərim Şirməmməd müəllimin davamçısı və yetirməsi kimi çalışacam ki, gələcəkdə onun yarımçıq qoyduğu işləri tamamlayım.

-Qeyd etdiniz ki, peşənizdə də uğurlar qazanmısınız. Bu  nailiyyətlər nələrdən ibarətdir?

-Mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Azərbaycan mətbuat tarixi və Əski Azərbaycan yazısı fənlərini tədris edirəm. Tələbələrə dərsimi sevdirməyi uğur hesab edirəm. Ötən il iki qrupa dərs keçirdim. Hər iki qrupda olduqca həvəsli, savadlı tələbələr var. Hətta onlar dərsdənkənar vaxtlarda mənə yaxınlaşır, konkret məsələ ilə bağlı məlumatlarını dəqiqləşdirirdilər. Əlbəttə, bu, bir müəllim olaraq mənim üçün çox xoşdur. Tələbələrim dərsə belə həvəs göstərməklə həm də mənə əlvaə stimul verirlər. Buna görə onlara minnətdaram.

-Siz  həm jurnalist, həm mətbuat tədqiqatçısı, həm də müəllimsiniz. Hansı daha çətindir?

-Biz hamımız ixtisasca ilk növbədə jurnalistik. Fakültənin, demək olar, bütün əməkdaşları jurnalistika sahəsində az-çox təcrübəyə malikdirlər. Elə mən də müəyyən müddət müxtəlif qəzetlərdə çalışdım. Sonradan araşdırmalar aparıb, tədqiqatla məşğul oldum. Bu sahədə kifayət qədər təcrübə yığdıqdan sonra müəllim kimi fəaliyyətimi davam etdirməyə başladım. Mənə elə gəlir ki, jurnalistika fakültəsində dərs deyən müəllim, əvvəlcə, mütləq bu iki mərhələdən keçməlidir. Belə olan halda o, tələbələrə konkret predmeti izah etməkdə heç bir çətinlik çəkməz. Əks halda isə sadəcə nəzəriyyə ilə kifayətlənməli olacaq. Düşünürəm ki, jurnalistlik də, tədqiqatçılıq da, müəllimlik də çətindir. Lakin həvəs olandan sonra heç bir çətinlik gözə görünmür və sən işindən zövq almağa başlayırsan.

-Bəs niyə məhz Mətbuat tarixi və ideoloji iş metodları kafedrasını seçdiniz?

-Mənim həmişə tarixə həvəsim olub. Hələ tələbə olarkən fakültəmizdə ixtisaslaşma gedəndə “Mətbuat tarixi” ixtisası dərhal diqqətimi çəkdi və mən sahədə ilk addımlarımı atmağa başladım. Sonrakı hadisələr göstərdi ki, seçimimdə yanılmamışam. Bu seçimimə görə peşman deyiləm və düşünürəm ki, gələcəkdə özümü təsdiq etməyi bacaracam.

-Siz “Birinci dünya müharibəsi illərində Azərbaycan mətbuatı” mövzusunda dissertasiya müdafiə etmisiniz. Maraqlıdır, bu dövr Azərbaycan mətbuatının səciyyəvi cəhətləri nələrdən ibarətdir?

-Bu illər Azərbaycan mətbuat tarixinin ən vacib mərhələlərindən biridir. İlk növbədə ona görə ki, Azərbaycan Xalq Cümhuriyyətinin nəzəri-ideoloji əsasları məhz bu dövrdə mətbuat səhifələrində formalaşıb. Yəni cümhuriyyətə gedən yol Birinci dünya müharibəsinin mətbuatından keçib. Həmin dövrün bir çox mətbuat orqanlarında, o cümlədən “Açıq söz” qəzetində, “İqbal” qəzetində, “Dirilik” jurnalında, “Qurtuluş” jurnalında gələcək müstəqilliyə gedən yolun xəritəsi çəkilib. Bundan başqa, ilk dəfə olaraq bu dövrdə Azərbaycanda siyasi təşkilat və partiyaların mətbuat orqanları meydana çıxıb. “İttihad”, “Müsavat” kimi partiyaların mətbu orqanları buna bariz nümunədir. Həm də tədricən mətbuatda şaxələnmə yaranır, sahə qəzet və jurnalları meydana çıxırdı. Ümumiyyətlə, dediyim kimi, bu dövr Azərbaycan mətbuatı çox mühüm mərhələdir. Ona görə də, əlbəttə ki, gələcəkdə daha çox araşdırmalıdır.

-Üzeyir Hacıbəyovun  “Bir qədər qəzetəcilik dərsi” adlı bir məqaləsi var. Sizcə, həmin məqalədə deyilənlər bu günümüzlə nə qədər səsləşir?

-Həmin dövrün bir çox mütəfəkkirləri mətbuatı insanların həyatındakı rolunu yüksək qiymətləndirir, qəzeti “millətin danışan dili” adlandırırdılar. Keçən əsrin ortalarında yeganə KİV ancaq qəzet idi, ona görə də çap mətbuatını, az qala, müqəddəsləşdirirdilər. İndi isə vəziyyət bir az dəyişib. Əgər qəzet millətin danışan dilidirsə, radio eşidən qulağı, televiziya görən gözüdür. Mətbuatın fuksiyaları, ona qoyulan tələblər dəyişib. Məsələn əgər Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi “Əkinçi” qəzetini sırf maariflənmə üçün təsis etmişdisə, indiki qəzetlər həm də kommersiya məqsədilə fəaliyyət göstərirlər. Bunları başa düşmək olar. Çünki dediyim kimi dövr dəyişib. Biz bir çox sahələrdə olduğu kimi, jurnalistikada da yeniliyə açıq olmalıyıq. Bir şərtlə ki, atılan bütün addımlar maariflənmə üzərində qurulsun.

-Qeyd etdiyiniz kimi, texnikanın inkişafı mediaya da təsir edir. Bir çoxları düşünür ki, gələcəkdə çap mətbuatı sıradan çıxacaq. Bir tədqiqatçı kimi sizin bu barədə fikirləriniz necədir?

-Bu gün bütün mətbuat orqanlarının elektron  versiyası da var. Məncə, bu, heç də pis deyil. Ən azı informasiyanın daha tez və rahat qəbul olunması, yayılması baxımından əlverişlidir. Demək olmaz ki, qəzetçilik sıradan çıxacaq. O, sadəcə formasını dəyişərək, daha mütərəqqi və əlçatımlı olar bilər. Düşünürəm ki, burada o qədər də qorxulu məqam yoxdur.

-Gənc jurnalistlərə məsləhətiniz nədir?

-Gənc jurnalistlərə, o cümlədən tələbələrimə demək istəyirəm  ki, məsuliyyətli olsunlar, dərslərinə ciddi yanaşsınlar. Dövrümüzün bütün üstünlükləri elmlə, təhsillə bağlıdır. Nə qədər çox oxusalar, seçdikləri sahəyə nə qədər həvəs, maraq göstərsələr bir o qədər irəliyə gedə bilərlər. Çox istəyirəm ki, tələbə-jurnalistlər Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Əhməd bəy Ağaoğlu kimi dahi publisistlərin məqalələri ilə tanış olsunlar. Çünki  onların söylədiyi hər bir kəlam bu gün üçün də keçərlidir.

-Sonda nə demək istərdiniz?

-Mətbuat tarixi çox böyük, bəlkə də, ucu-bucağı olmayan bir dəryadır. Mətbuatımızda araşdırılmayan, tədqiqata cəlb edilməyən mövzular çoxdur. Ən böyük arzularımdan biri odur ki, həmin mövzular araşdırılsın və geniş elmi ictimaiyyətə təqdim edilsin.

-Səmimi söhbət üçün çox sağ olun, Samir müəllim.

-Sağ olun.

Kənan Novruzov, BDU Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi