“İdmanla elm arasında qalsam elmi seçərəm”

0
115

 

Kənan Novruzov, BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi

Aprelin 12-də bir çox orta məktəblərdə olduğu kimi, paytaxtın Yasamal rayonunda yerləşən 20 nömrəli tam orta məktəb-liseydə də 15-ci Avropa Gənclər  Yay Olimpiya Festivalına 100 günün qalması ilə bağlı tədbir keçirilib. Adı çəkilən məktəbdəki çıxışlar İspaniyaya həsr edilib. Tədbirdə idman nazirliyinin, təhsil nazirliyinin nümayəndələri iştirak edərək dünya dövlətləri arasında sülh və dostluğun vacibliyindən danışıblar. Ardınca çıxış edən təhsil müəssisəsinin direktoru Səadət Veysova iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə  müxtəlif sinif şagirdləri öz məharətlərini göstərib, İspaniya mədəniyyətinə, mətbəxinə dair məlumat verib, idman növləri və rəqslərini nümayiş etdiriblər. Bir neçə saat davam edən proqramdan sonra həmən tədbirdə qaçış idman növündə çıxış edən məktəbin 6-cı sinif şagirdi Nihad Daşqın oğlu Qənbərovla həmsöhbət oldum. Nihadla söhbət zamanı məlum oldu ki, o, idmana böyük maraq göstərir və fəal şəkildə idmanın müxtəlif növləri ilə məşğuldur. Hətta 2017 və 2018- ci illərdə may ayında Bakıda baş tutan marafon yürüşlərində atası ilə birgə işritak edib. O, bu il may ayında keçiriləcək marafon yürüşündə də iştirak etməyə də artıq hazırdır.

-Nihad, dərslərin necədir?

-Mən 6-cı sinifdə, rus bölməsində təhsil alıram. Dərslərim yaxşıdır. Həm müəllimlərim, həm də sinif yoldaşlarımla yaxşı münasibətim var. Ən sevdiyim fənn isə rus dili fənnidir. 2018-2019-cu tədris ilində məktəbimizdə rus dili üzrə keçirilən “Русский медвежонок” bilik yarışmasında iştirak edərək sertifikatla mükafatlandırılmışam. Məktəb-liseyimizdə ictimai işlərdə də çox fəal iştirak edirəm, buna görə məktəm-liseyimizin direktoru Səadət xanım tərəfindən təşəkkürnamə ilə təltif olunmuşam.

-Bildiyimə görə, bir neçə idman növünün sirlərinə yiyələnirsən. Həm dərslər, həm də idmanın öhdəsindən necə gəlirsən?

-Bəli, üzgüçülük, basketbol və şahmatla məşğulam. Hər birinə həvəsim var. Bu səbəbdəndir ki, gündəlik rejimim mənə çətin gəlmir. Düşünürəm ki, həvəs olan yerdə heç bir çətinlikdən söhbət gedə bilməz. Çalışıram ki, həm dərslərimin, həm də idman məşğələlərimin öhdəsindən layiqincə gəlim.

-Yaxşı olardı ki, bir gününü oxucularımızla bölüşərdin…

-Mən səhər növbəsində oxuyuram. Dərsdən sonra evə gəlib anamın bişirdiyi ləziz yeməklərdən yeyir (gülümsəyir), sonra şahmat dərsinə gedirəm. Sonra evə gəlir, bir az dincəlirəm. Bacı və qardaşlarımla vaxt keçirtdikdən sonra ev tapşırıqlarımı edirəm. Axşamlar atamla üzgüçülüyə gedirəm.

-Deyəsən, gündəlik rejimin çox gərgindir. Bəs asudə vaxtını necə keçirirsən?

-Boş vaxt tapan kimi nənəmin, babamın yanına gedirəm, onları çox istəyirəm.  Nənəm çox qayğımı çəkir. Biologiya müəlliməsidir. Mənə Biologiya fənnindən çətinlik çəkdiyim hissələrdə çox kömək edir. Babamla vaxt keçirtməyi sevirəm. O, həmişə mənə yaxşı məsləhətlər verir. Babam mənim ən yaxşı dostumdur. O mənə güclü, dürüst, ədalətli olmağı öyrədir. Uşaqlıqdan məndə idmana həvəsi də babam yaradıb.

-Dostun varmı?

– Əlbəttə. Mən dostlarımı seçirəm. Hər kəsə dost demək olmaz. Dost sözü böyük sözdür. Dost elə olmalıdır ki, ona güvənməli, etibat etməlisən. Ayxan və Nihad mənim ən yaxın dostlarımdır. Onlarla çox yaxşı yola gedirik. Mənə elə gəlir ki, əsl dost həmişə sənin yanında olmalı, daim səni müdafiə etməlidir, səndən nəsə güdməməlidir.

-Lap yaxşı. Nihad, çox maraqlıdır, məşğul olduğun üç idman növü arasında seçim etməli olsan, hansını seçərsən?

-Şahmat. Çünki şahmat zehni inkişaf etdirir. Hərdən müəllimim qrossmeysterlərimiz Şəhriyar Məmmədyarovun, Teymur Rəcəbovun uğurlarından danışır və bizdə şahmata qarşı daha böyük maraq yaradır. Şahmat təkcə gözəl oyun deyil, həm də müəllimimin tez-tez dediyi kimi, analiz sənəti, əsl mübarizə meydanıdır. Onu da deyim ki, mən şahmat məktəbində keçirilən yarış zamanı lazımi xalı yığaraq dördüncü dərəcəni götürmüşəm. Hədəfim irəliləməkdir. Mənim bacım və qardaşım da şahmat məktəbinə gedirlər, ona görə evdə bir-birimizlə oynayıb təcrübəmizi artırırıq. Mən onlardan böyüyəm və şahmat dərslərinə onlardan tez başlamışam deyə, lazım olduqca öz bilik və təcrübəmi onlarla bölüşürəm.

– Nihad, adətən şahmata həvəsi olanlar riyaziyyatı da yaxşı bilirlər. Bəs sən?

-Bəli, adətən belə düşünürlər ki, şahmatçılar riyaziyyatı da yaxşı bilir. Çünki həm şahmatda qələbə qazanmaq, həm də misalları düzgün həll etmək birbaşa zehnin inkişafı ilə bağlıdır. Ancaq bu, o demək deyil ki, şahmatçı həm də riyaziyyatçı olmalıdır. Etiraf edirəm ki, həm də məntiq dərslərinə gedirəm və məntiqi riyaziyyatdan çox sevirəm.

-Tədricən dərslərin çətinləşəcək. Bu səni qorxutmur ki?

-Əlbəttə, xeyir. Atam  həmişə deyir ki, çətinliklərdən qorxmaq lazım deyil. Insan istəyərsə bacarar!

-Yaxşı, bəs başqa hansı fəaliyyət növləri ilə məşğulsan?

-Mən 4 il Azərbaycan Dövlət Uşaq Filarmoniyasında milli rəqs dərslərinə getmişəm. Deyilənə görə çox yaxşı rəqs edirəm və rəqs etməyi sevirəm. Liseydəki dərs cədvəlimin rəqs dərsləri ilə uyğun gəlməməsi səbəbi ilə rəqs dərslərimi dayandırmalı oldum. Hazırda İT STEP Akademiyasında da dərs alıram, İT sahəsinin sirrlərini öyrənirəm. Hətta infromatika fənnindən lazım olduqda sinif yoldaşlarıma da kömək edirəm. Yay tətili ərəfəsində sərbəst güləş idman növü ilə məşğul oluram. Bu idman  növü məni çox cəlb edir. Ən azından özünümüdafiə üçün lazımdır. 2018-ci ildə uşaq, yeniyetmə və gənclər arasında  sərbəst güləş idman növü üzrə keçirilən yarışda I yerə laiq görülmüşəm.

-Başa düşdüyüm qədəri ilə həm elmə, həm də idmana böyük marağın var. Nə vaxtsa seçim arasında qalsan elmi, ya idmanı seçərsən?

-Elmi. Çünki alim olmaq istəyirəm. Həm də ziyalı ailənin övladı olduğuma görə bu baxımdan üzərimə daha çox məsuliyyət düşür. Çox istəyirəm ki, onların yolunu davam etdirim.

-Yaxşı, bəs hansı sahə üzrə alim olmaq istədiyivi və ya kim olmaq istədiyivi özünçün müəyyənləşdirmisən?

– Məncə, bu məsələni dəqiqləşdirmək mənim üçün hələ tezdir. 6-cı sinifdə oxuduğuma görə çox fənnlə hələ ki, tanış deyiləm. Dəqiq qərarımı yuxarı siniflərdə təhsil alarkən verə biləcəyimi düşünürəm. Onu qeyd edim ki, gələcəkdə fikrimi dəyişməsəm müasir günümüzün tələbi olan İKT sahəsi üzrə ixtisaslaşmaq istəyirəm. İT STEP Akademiyasına da ona görə böyük həvəslə gedirəm. Valideynlərim mənim bütün seçimlərimi dəstəklədiklərinə görə onlara minnətdaram. Atamla birgə anam da çox əziyyətimizi çəkir.

-Nihad, maraqlıdır, sən xoşbəxtlyi nədə görürsən?

-Mənim üçün xoşbəxtlik daim ailəmin yanında olmaqdır.

P.S: Nihadla söhbətimizin sonunda vədələşdik ki, növbəti dəfə onunla şahmat taxtası arxasında üz-üzə gələcəyik. Yəqin ki, ən az mənim kimi o da həmin görüşü səbrsizliklə gözləyir.