“ Kimsə məni də belə təbrik etsə çox sevinərəm”

0
18

 

   Qasım Xuluflu, BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi

Həyatı məqsədsiz, arzusuz təsəvvür etmək mümkün deyil. Çoxumuz qarşımıza müxtəlif məqsədlər qoyur və onlara çatmaq üçün çalışırıq. Bu dəfəki müsahibim də belə şəxslərdən biri- BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsi Kənan Novruzovdur. Bir neçə gün əvvəl Kənanla məni maraqlandıran suallar ətrafında söhbət etdim. Məlum oldu ki, o, uşaqlıqdan konkret sahəyə maraq göstərir.

-Kənan, jurnalistika sizin üçün nə ifadə edir?

-Bu, əslində müzakirə edilən məsələdir. Bəzilərinə görə jurnalistika peşə, bəzilərinə görə isə sənətdir. Mən deyərdim ki, jurnalistika nə peşədir, nə də ki, sənətdir. Jurnalistika həyat tərzidir. Jurnalistika elə bir sahədir ki, burada konkret iş saatı yoxdur. Əgər, sən, həqiqətən,  jurnalistsənsə hansı mətbuat orqanında işləməyin və nə vaxt təqaüdə çıxmağının heç bir fərqi yoxdur. Çünki jurnalistika ömrlük yoldur.

-Bu ömrlük yolu sizə sevdirən nə olub?

-Babalarımın ikisi də qələm adamıdırlar. Çalışıram ki, onları heç vaxt unutmayım. Onlardan biri filoloq, dilçi alim Ramiz Novruzov, digəri Əməkdar jurnalist, “Xalq qəzeti”nin əməkdaşı Oqtay Bayramovdur. Uşaqlıqdan kitablar arasında böyümüşəm. Müxtəlif  vaxtlarda oxuduğum kitablar mənə çox kömək olub. Orta məktəbdə oxuduğum illərdən kiçik yazılar yazmağa başladım. Abituriyent olan zaman artıq özüm üçün konkret olaraq müəyyənləşdirmişdim ki, mən jurnalist olacam. Onu da qeyd edim ki, hələ orta məktəbin 9-cu sinifində oxuyarkən qəzetçiliyi öyrənmək üçün Milli Olimpiya Komitəsinin(MOK)  rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzetinə təcrübəyə getdim. Sonra o qəzetlə əməkdaşlığa başladım. Təxminən üç ildən sonra BDU-nun  Jurnalistika fakültəsinə qəbul oldum. “Olimpiya dünyası” qəzetində yiyələndiyim təcrübə, eyni zamanda jurnalistika fakültəsində qazandığım nəzəri biliklər təsdiq etdi ki, mən illər öncə seçdiyim yolda yanılmamışam. Beləliklə, mən bu gün deyə bilərəm ki, jurnalistika sahəsində əzmkarlıqla irəliləyən tələbə jurnalistəm. Jurnalistikanı seçməkdə əsas məqsədim babalarımın yolunu davam etməkdir. Hər dəfə qələmi əlimə alanda onların nəvəsi və davamçısı olmağım üzərimə əlavə məsuliyyət qoyur.

-Vurğuladınız ki, kitablar mühitində böyümüsüz. Oxuduğunuz kitablar sizin həyatınıza necə təsir edib?

-Təxminən yeddi il əvvəl sözün əsl mənasında böyük ədəbiyyatla tanış olmağa başladım. İlk oxuduğum kitablar arasında Daniel Defonun “Robinzon Kruzo”, Aleksandr Dümanın “Üç muşketyor”, “ Qraf Monte Kristo”, Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” əsərlərini misal göstərə bilərəm. Bu kitabları oxuyub bitirdikdən sonra əsərləri özüm üçün təhlil edir, qısa məzmun yazırdım.  Bunlardan başqa,  Çingiz Abdullayevin ilk əsəri olan “ Mavi Mələk”lərdən çox bəhrələnmişəm. Elif Şafakın “Qara Süd” romanı, Jan Pol Sartrın “Sözlər” povesti ədəbiyyata olan marağımı iki qat artırıb. Adlarını çəkdiyim qələm məhsullarından insana lazım olan müxtəlif keyfiyyətlər, o cümlədən əzmkarlıq öyrənmişəm.  Başa düşmüşəm ki, sona qədər öz yolunu gedən, heç yerə dönməyən insan mütləq məqsədinə çatır.

-Bildiyimə görə, siz özünüz də ikinci kursda oxuyan zaman ilk kitabınız işıq üzü görüb. Gənc yaşda kitab müəllifi olmaq necə hissdir?

-Qeyd etdiyiniz kimi, ikinci kursda oxuyarkən mənim “İlk addım” adlı esse və məqalələrdən ibarət kitabım çap olundu.  O, kitabın əsas təşəbbüskarı fakültəmizin hörmətli müəllimlərindən biri olan dosent Mahmud Mahmudov oldu. Əlbəttə, çox sevindirici haldır ki,  tələbə ola-ola sənin kitabın çıxır. Ancaq artıq belə demək mümkündürsə o kitabın çapı ilə yaşamıram. Əlbəttə, çox unudulmaz anlar idi. Lakin, bəlkə də, böyük auditoriya qarşısında təcrübəli jurnalistlər dekanımız dosent Vüqar Əliyev, hörmətli müəllimlərimizdən professor Cahangir Məmmədli, dosent Mahmud Mahmudov, Ayaz Musayev kimi müəllimlərlə bir sırada oturmaq daha çox qürurverici idi nəinki  kitabımın çap edilməsi. “İlk addım”ın çap edilməsi gələcək bədii yaradıcılığıma bir stimuldur. Yeri gəlmişkən, deyim ki, hazırda ikinci kitab üzərində işləyirəm.

– Siz idmanla da məşğul olursunuz. İdmançı kimi uğur qazanmaq daha asandır, ya jurnalist kimi?

-Mən idmanla daha tez tanış olmuşam nəinki, jurnalistika ilə. Amma, etiraf etmək lazımdır ki, jurnalist kimi daha çox uğur qazanmışam. Müxtəlif  vaxtlarda fərqli idman növləri ilə məşğul olmuşam amma, hər insanın öz yolu var. Mənim də yolum jurnalistikadır. Qaldı ki, sualınıza, vurğulamalıyam ki, hər sahədə uğur qazanmaq çətindir.  Hər sahənin öz çətinlikləri var.

-Dərs, iş, idman…Bu qədər gərgin rejimin öhdəsindən gəlməyi necə bacarırsınız?

-Bəli, qeyd etdiyiniz kimi bu gün mən BDU-nun  jurnalistika fakültəsinin tələbəsiyəm, “Olimpiya dünyası” qəzetində çalışıram, həmçinin idmanla da məşğul oluram.  Adətən həftə sonları yorulduğumu hiss edirəm və mənə elə gəlir ki,  istirahət etməyə  ehtiyacım var.  Gərgin rejimin öhdəsindən gəlməyim jurnalistikaya və idmana olan sevgimlə birbaşa bağlıdır. Həm də konkret sahələr bir-biri ilə bağlıdır. Belə ki, əgər idmanla məşğul olmasaydım bu gün idmandan yaza bilməzdim və ya  hələ orta məktəbdə oxuduğum illərdən “Olimpiya dünyası” qəzetinə təcrübəyə getməsəydim nəzəriyyədən olmasa da, praktika cəhətdən əziyyət çəkərdim.  Yadda saxlamaq lazımdır ki, əgər çəkdiyin əziyyət sənə uğur qazandırırsa,  deməli, təslim olmamaq lazımdır.

-Hamıya məlumdur ki, jurnalist insanlarla daim ünsiyyətdə olmalıdır. Siz buna necə nail olursuz?

-Mənə uşaqlıqdan deyirdilər ki, Kənan insanlarla tez ünsiyyət qurmağı bacarır. Bəzən hətta zarafatla deyirdilər ki, Kənanda şeytan tükü var. Əslində utancaq olmuşam. Lakin vaxt keçdikcə insanlarla ünsiyyət qurmağa başladım. Əlbəttə, jurnalistin müsahibə aldığı adamın psixologiyasını bilməsi vacib amillərdən biridir. Peşəkar jurnalist müsahibini yaxşı tanımalıdır.

-Peşəkarlıqdan danışdız. Fikrinizcə, jurnalisti peşəkar eden amillər hansılardır?

-Peşəkar və müasir jurnalist başa düşməlidir ki, o, təkdir. Jurnalist yalnız yazmaqla kifayətlənməli deyil. O, mövzuya uyğun foto, video çəkməyi,  montaj etməyi bacarmalıdır.

-Kənan, mayın 11-i ad gününüzdür. Bu haqda sual vermək istəyərdim. Ən yadda qalan ad gününüz hansı olub?

-Demək olar ki, bütün ad günlərim eyni səviyyədə keçib. Evimizdə öz yaxın ətrafımla qeyd edirəm. Bəziləri ad günlərini sevmirlər və bunu müxtəlif səbəblərlə əlaqələndirirlər. Düzünü desəm, mən ad günlərini sevirəm. Ad günündə yaxın ətrafının sənə olan münasibətini görmək olur. Elə insanlar olur ki, gündə səni görür amma ad günündə təbrik etmir, eləsi də olur ki, nadir hallarda görüşdüyünüz halda, xüsusi gündə səni unutmur. Mənim belə bir ənənəm var: yaxın çevrəmin ad günlərində onlar haqqında yazı yazıram. Kimsə məni də belə təbrik etsə çox sevinərəm. Həm də ona görə ki, ətrafımdakıların mənim haqqımda olan fikirlərini bilmək maraqlıdır.