Ağdamda görüşənədək…

0
19

 

Kənan Novruzov, BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi

 

Bu səfəri çoxdan-fakültəmizin hörmətli müəllimlərindən, professor Cahangir Məmmədlinin “Kənan, dövlət başçısının imzaladığı Sərəncama uyğun olaraq Cəlil Məmmədquluzadənin xatirəsini yad etmək məqsədilə Ağcabədiyə, Kəhrizli kəndinə gedəcəyik, sən də bizimlə gedərsən” dediyi gündən gözləyirdim. Nəhayət, həmin gün gəldi…

Aprelin 6-sı səhər saat yeddidə əvvəlcədən müəyyən edilmiş görüş yerində-doğma Bakı Dövlət Universitetinin kiçik şəhərciyi xatırladan həyətində görüşdük.  5-10 dəqiqəyə hamı gəldi.  Professorlar Cahangir Məmmədli, Allahverdi Məmmədli, Alxan Bayramoğlu, dosent Zaur Babayev, dekan müavinimiz Sevinc Əliyeva, mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimova,  Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Şərq” qəzetinin redaktoru Akif Aşırlı, fakültənin magistrantı Günel Mehdizadə,  II kurs tələbələri Aləmdə Nəsib, Gülayə Məcid, Gülçin İsgəndorova, həmçinin hələ birinci kursda təhsil alan Vəfa Vəliyeva heyətin tərkibində idilər. Vaxt itirmədən maşınlara əyləşir və yola düşürük. Yolun müəyyən hissəsində nəinki sonrakı saatlarda, həm də növbəti gün daim diqqət və qayğısını öz üzərimizdə hiss edəcəyimiz millət vəkili, “Ədalət” qəzətinin baş redaktoru Aqil Abbas da bizə qoşulur. Artıq dörd maşınıq. Mahnıda deyildiyi kimi, uzun, incə yollarla gedirik…Qabaqda Aqil müəllim gedir, biz də onu müşahidə gedirik. Hətta aradabir xəbərdarlıq edir ki, sürəti artırmayın, heç biriniz məni keçməyin, səliqə ilə gedək. Bəlkə də, düz deyir. Axı ideyanın reallaşmasında onun böyük rolu var.

Bir neçə saatdan sonra Saatlı rayonuna çatırıq. Restoranlarının birinin yanında avtomobillərdən enirik. Zaur müəllim özü ilə gətirdiyi fotoaparatı mənə uzadaraq deyir ki, fotoreportajı sənə tapşırıram. Aparatı boynuma asır və fotojurnalistikadan mühazirə dərslərini deyən Mirakif müəllimin sözlərini yadıma salıram: “Foto çəkmək böyük diqqət tələb edir. Gərək ən maraqlı anları aparatın yaddaşına yazmağı bacarasan. Məharət məhz bundadır”…Səhər yeməyi yeyirik. Ardınca isə “yolçu yolunda gərək” deyib yolumuza davam edirik. Bir-bir rayonları geridə qoyur, Qarabağa tələsirik…

Ağcabədiyə çatanda, əvvəlcə, rayon İcra Hakimiyyətinə gedirik. Müəllimlərimiz bizim sonradan tanıdığımız İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla görüşürlər. Biz isə fürsətdən istifadə edib həyətdə şəkillər çəkirik. Təqribən iyirmi dəqiqədən sonra müəllimlər gəlir. Əvvəlcə, nahar edirik. “Söz vaxtına çəkər” deyirlər. Aygün xanımın II kurda oxuyan tələbələrindən biri mənə mesaj yazaraq “Molla Nəsrəddin” qəzeti ilə bağlı müəyyən məsələləri dəqiqləşdirmək istəyir. Dərhal müəlliməyə müraciət edirəm. Elə ətraflı, səmimi cavab verir ki, tələbəsinə. Hətta fəxrlə deyir ki, Ayşən mənim ən yaxşı tələbələrimdəndir… Yeməkdən sonra Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımın Kəhrizlidəki ev muzeyinə gedirik. Cəlil Məmmədquluzadənin görkəmli tədqiqatçılarından olan Allahverdi müəllim  Mirzə Cəlilin xidmətlərindən danışır. Hamı diqqətlə ona qulaq asır. Buradan çıxandan sonra kənd kitabxanasına gedirik. Buradaykən öyrənirəm ki, kitabxana Aqil müəllimin təşəbbüsü ilə tikilib. Müəllimlərimiz öz kitablarından bağışlayırlar kitabxanaya. Qəfildən gözüm rəfdəki kitablardan birinə-“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin “Çiyələk qadın”ına sataşır. Əlimə alıb vərəqləyirəm. Mənalı şeirlər çoxdur. Rəşad Məcid imzasını Ağcabədinin ən ucqar kəndlərinin birində görmək necə də xoşdur.

Növbəti ünvanımız Ağcabədinin, az qala, simvolu hesab edilə bilən tanınmış publisist Üzeyir Hacıbəyovun ev muzeyidir. Evə girəndə Aygün müəllimə Üzeyir bəyin portretini bizə işarə edərək deyir: “Kim nə deyir desin, mənim üçün ən böyük jurnalistlərdən, publisistlərdən biri Üzeyir bəydir. O qədər gözəl yazıları, maraqlı həyat yolu var ki…” Bir az da burada müzakirələr aparır, şəkillər çəkirik. Səhv etmirəmsə, oradan düz cəbhə xəttinə gedirik. Ermənilərlə aramızda cəmi 3-4 kilometr var. Əsgərlər həyəcanlıdırlar. Təlaşla xəbərdarlıq edirlər ki, irəli getmək olmaz. Çünki ermənilər snayperlə bizi izləyə bilərlər. Cahangir müəllimin özü haqqında çəkilən “Beşinci fəsil” filmində dedikləri yadıma düşür: “Mənə burdan min kilometrlərlə məsafə qət edib Almaniyada atamın qəbrini ziyarət etmək daha asandır, nəinki Ağdama getmək”. Tapdaq altındadır axı. Aqil Abbas bir az irəli getmək istəyir. Hərbi qulluqçular  “müəllim, olmaz” deyərək mane olmağa cəhd edirlər. O isə özünəxas tərzdə “dədə, evimə gedirəm də, neyləyəcəksən?! Evimə getməyə qoymursan?!” deyə sanki etirazını bildirir. O qədər təsirlənirəm ki. Geri qayıdanda isə, sözün əsl mənasında, ürəyim ağrıyır. Belə ki, Aygün xanım postdakı  əsgərləri görəndə özünü saxlaya bilmir və kövrəlir. “Allah sizi qorusun, Allah sizə kömək olsun” deyir gözləri yaşararaq. Amin!

Cahangir Məmmədlinin ömür-gün yoldaşı Səkinə xanımın qəbrini ziyarət etməyi də unutmuruq. Müəllimimizin tutulduğu hiss olunur. Arada səndələyir. Hərəmiz bir qoluna giririk. Bununla da  göstərmək istəyirik ki, biz sizin təkcə tələbəniz yox, həm də nəvəniz, övladlarınızıq.

Muğam Mərkəzinə gedirik. Elə səmimi qarşılayırlar ki, bizi. Sözsüz ki, həm də Aqil Abbasın şəxsiyyətinə görə. Ümumiyyətlə, müşahidəmə əsasən Aqil müəllimin yerli əhali arasında çox sevildiyini deyə bilərəm.  Əlbəttə, bu, onun yüksək insani keyfiyyətləri, xüsusən də səmimiliyi, köməksevərliyi və xeyirxahlığı ilə bağlıdır.

Tarix-diyarşünaslıq muzeyinə də baş çəkir, buradakı eksponatlarla tanış oluruq. Akif Aşırlı, Umud Mirzeyev, Aqil Abbas müxtəlif tarixi abidələr ətrafında müzakirələr aparırlar. Bəzən fikirlər toqquşsa da, sonra ortaq bir nəticə hasil olur.

Şahmat məktəbində olmağı da unutmuruq. Elə içəri girər-girməz millət vəkili masalardan birinin arxasına keçir və “kim oynaya bilirsə, gəlsin” deyir. Əvvəlcə, səsimi çıxarmıram. Sonradan “gəlin oynayaq,  Aqil müəllim” deyirəm. Gərgin mübarizə gedir. Əfsuslar olsun ki, digərləri bizi tələsdirdiyinə görə yarımçıq qoymalı oluruq oyunu. Eybi yox,  gələn dəfə-Qarabağa qələbə bayramına gələndə sona kimi oynayarıq. Ya elə burda, ya da o vaxta kimi  azad olunmuş torpaqlarda…

Vaxt necə gəlir, necə keçir bilmirəm. Restoranların birində axşam yeməyi yeyirik. Aqil Abbasın zarafatları, Akif müəllimin yeri düşdükcə tarixi faktları xatırlaması günü daha da maraqla edir. Sonda isə gecələmək üçün bəzilərimiz Rayon  İcra Hakimiyyətinin qonaq evinə, bəzilərimiz isə Ağcabədi Olimpiya-İdman Kompleksinə yollanırıq.

Səhər təyin olunan vaxtda İcra Hakimiyyətinin həyətində görüşürük. Mən gələndə qızlar təmiz hava altında asta-asta gəzir, səhər idmanı edirdilər. Sevindiricidir ki, həyət heç də paytaxt küçələrindən fərqlənmir. Bir azdan İcra Hakimiyyətinin sədri Şahin Məmmədov və müəllimlərimiz də gəlirlər. Şahin müəllim hər birimizlə səmimi görüşür, təəssüratlarımızla maraqlanır. Zaur müəllim əlində tutduğu “Aran” qəzetini həvəslə vərəqləyir. Əlimi qəzetin səhifəsinə vurar-vurmaz kağız materialının fərqli olduğunu hiss edirəm. Bu barədə müəllimimizdən soruşanda sanki mühazirədə imişik kimi ətraflı məlumat verir. Sağ olsun! Doğrudan da, həmişə auditoriyada görməyə öyrəşdiyimiz müəllimlərimizi indi belə bir mühitdə görmək çox xoşdur. Avtobusda olanda, deyəsən, Aygün müəllim demişdi ki, uşaqlar, heç nədən narahat olmayın, biz indi sizinlə dost, yol yoldaşıyıq. Lakin elə deyil.  Əsl valideyn kimi hər biri tez-tez bizimlə maraqlanır, bir problemin olub-olmadığını dəqiqləşdirir. Xüsusilə də Cahangir müəllim. Növbəti dəfə bizi başına toplayıb “Uşaqlar, bir problem yoxdur ki?” soruşandan sonra onun öz  müəllimi, yaşayan əfsanə Şirməmməd müəllim(Şirməmməd Hüseynov) haqqında dedikləri yadəma düşür. Belə ki, Cahangir müəllim tez-tez deyir ki, Şirməmməd müəllim o vaxtlar mənim talismanım idi. Çox güman, indi o özü biz tələbələri üçün talisman rolunu oynayır. Əminliklə deyə bilərəm ki, biz hələ Cahangir Məmmədlidən çox şey öyrənməliyik.

Həə, bu günkü səhər yeməyindən sonra Şahin müəllimlə sağollaşır Seyid Lazım Ağanın Ağdamdakı ziyarətgahına yollanırıq. Düzü, indiyə kimi adını eşitməmişdim. Amma deyilənə görə, çox güclü seyid imiş. Növbə ilə içəri girir, arzular diləyirik. Hər kəsin ürəyində bircə arzu var-Qarabağ arzusu! İnşallah, reallaşar.

Şəhidlərimizin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına yollanırıq. Vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızı dərin hüznlə anırıq. “Ədalət” qəzetinin redaktoru yenə gümrah səs tonu ilə danışır və qeyd edir ki, şəhidlərimizin adı yazılan böyük lövhənin bura vurulması da birbaşa onun təşəbbüsü ilə baş tutmuşdur.

Məşhur Soltanbud meşəsində nahar edirik. Təmiz hava, həqiqətən, insanı acdırır. Təqribən yarım saatdan Umud Mirzəyev, Allehverdi müəllim və Zaur müəllim bizdən ayrılaraq paytaxta yola düşürlər. Biz isə, necə deyərlər, səfərin son saatlarını yaşayırıq.

 

Geri qayıdanda Kürdəmirdə də ayaq saxlayır, Venesiyanı xatırladan məkanda çay içərik. Çayxanadakı hər kəs Aqil Abbası görən kimi hər kəs ayağı qalxır, səmimi görüşürlər. Çay içir və son xatirə şəkillərini çəkdikdən sonra maşınlara əyləşirik.

Maşında bir gün əvvəl gəldiyimiz yolu yüksək sürətlə geri qayıdarkən qəfildən postdakı əsgərlər yadıma düşür, Mirzə Cəlilin “Kamança” əsərini xatırlayası oluram…Allah sənə rəhmət eləsin, ay Mirzə, sən “Kamança”nla böyük bir faciə barədə bizə xəbərdarlıq etsən də, başa düşmədik. Nəticədə Aqil müəllim öz evinə gedə bilmədi…