Birincilərin Qubadakı onuncu ili

0
86

…Əvvəlcədən planlaşdırdığımız kimi səhər saat səkkizdə birinci kurs tələbəsi olduğum 100 yaşlı Bakı Dövlət Universitetinin qarşısında toplaşdıq.  Müəllimlər, tələbələr bir-bir, iki-iki gəlirlər. Demək olar, hamı buradadır-ötən aylar ərzində onlardan çox şey öyrəndiyim hörmətli müəllimlərim Əli Hacıyev, Zaur Babayev, Ramin Rzayev, qiyabi şöbənin müdiri Xalidə xanım, indiyə kimi sadəcə haqqında eşitdiyim Beynəlxalq jurnalistika kafedrasının müəllimi Təranə xanım və tələbə dostlarım. Bir nəfərdən başqa-hazırda üçüncü kursda təhsil alan Kənan Novruzov yoxdur. Halbuki bizə yoldaşlıq edəcəyini demişdi. Görəsən, nə olub? Bu düşüncə ilə gəzişirdim ki, Əli müəllimin səsini eşitdim: “Telefonu götürmür…” Düzü, narahat oldum. Xeyli gözləyəndən sonra avtobusa minir və yola qoyuluruq.  Yalnız bu zaman tələbə yoldaşlarımdan Könül “müəllim, dünən Kənan mənə demişdi, üzrlü səbəbdən gələ bilməyək” deyir və narahatlığımıza son qoyur.

Fərəh hissi keçirirəm. Əvvəla, ona görə ki, müəllimlərim tələbələri ilə belə maraqlanırlar, onlara diqqət və qayğı göstərirlər. Çox sağ olsunlar. İkincisi də, deməli, Kənan müəllimlərin etimadını doğrultmağı bacarıb. Hərhalda tələbə-jurnalist olaraq müşahidəmə əsasən gəldiyim qənaət bu oldu.

Səfərimiz Azərbaycanın cənnət məkanlarından biri olan Qubayadır. İlk dəfədir ki, bu rayona gedirəm. Lakin Quba haqqında müəyyən qədər məlumatlıyam. Bilirəm ki, bizi şimal bölgəsinin incisindən 155 km ayırır. Onu deyim ki, bu məsafəni qət etmək o qədər də çətin deyil amma, uzaq yol adamı tez yorur. Paytaxtdan yenicə çıxmışdıq ki, lazımi ərzaqları almaq üçün dayanırıq. Bəzilərimiz müəllimlərlə marketə gedir, digərləri isə fürsətdən istifadə edərək çöldə şəkillər çəkirlər. Çox vaxt itirmirik. Təqribən 10 dəqiqədən sonra “Yolçu yolunda gərək” deyərək səfərimizə davam edirik. Yol boyu müəllimlərin bizimlə səmimi ünsiyyəti çox xoş olur. Auditoriyadakı dərslərdən fərqli olaraq bu dəfə Əli müəllim və Ramin müəllim radio-televiziya jurnalistikasının sirlərindən, Zaur müəllim qəzet istehsalından danışmır. Düzdür, yuxarı kurs tələbələrindən bir neçə dəfə eşitmişdim ki, müəllimlər səfərlər zamanı formal münasibətləri unudurlar. Ancaq etiraf edim, bu qədərini gözləmirdim.

Ümumiyyətlə, hər kəs bir-biri ilə deyib-gülür, zarafat edir. Maqnitafonda səslənən ritmik mahnılar bizi daha da şənləndirir. Birlikdə oxuyur, salonda oynayırıq.

Quba bizi narın yağışla qarşılayır. Fəqət, bu, istirahətimizə mane olmur. Səbrlə yağışın kəsməyini gözləyitik. Yağışın dayandığına əmin olduqdan sonra aldığımız topla voleybol oynamağa başlayırıq. Torpağın çox gözəl ətri var. Təmiz havadan həzz alırıq. Həmişə belə olur-yağış təbiətə yeni nəfəs verir sanki… Çox keçmir ki, Zaur müəllimlə Ramin müəllim də bizə qoşulurlar.  Komandalara bölünür, gərgin mübarizə aparırıq. Sonda hesabda biz(Zaur müəllim, Ramin müəllim, mən və tələbə yoldaşımız Səkinə eyni komanda da idik) üstün olsaq da, Ramin müəllimin dediyi kimi, dostluq qalib gəlir. Tərimiz soyumamış xatirə şəkli də çəkdirdik. Axı şəkillər yaşanan anların yegana xatirəsidir. İllər sonra baxıb xatırlayarıq…

Saat nahar vaxtının çatdığını göstərir. Müəllimlər kabab çəkməyə başlayırlar. Uzaqdan onlara baxaram və hiss edirəm ki, illərin təcrübəsi öz sözünü deyir.  Hamımız süfrə başına toplaşır və gözəl təbiət qoynunda iştahla nahar edirik. Müəllimlərin bizimlə səmimi söhbətləri, ara bir zarafatları yenə də davam edir. Nahardan sonra tələbə yoldaşımız Nicatın gitaranın müşayiəti ilə ifa etdiyi mahnılar hər birimizə duyğulu dəqiqələr yaşadır.  Mənəvi istirahətdən sonra göl qırağına yollanırıq. Turistlər rəqs edirlər. Biz də barmaqlarımızı bir-birinə keçirərək hamımız birlikdə “Yallı” oynayırıq.  Burada da xatirə şəkilləri çəkir  və duru suyu olan o gölün kənarında səahətimizi sonlandırırıq. Yaşıl ağaclı, uca dağlı təbiət qoynunu tərk edib səs küylü, uca binaların sıralandığı Bakıya qayıdırıq…

Evə çatanda Əli müəllimin dünən  facebookdayazdığı bu sözləri görürəm: “Qəribədir,s 10 ilin məhz, sabahkı günü 1-ci kurs tələbələriylə ən azı 500 metr dəniz səviyyəsindən hündürlükdə oluruq..Bu il də istisna deyil! PS.Sabah Qubadayıq!” Yaxşı ki, bu tarixi səfər məhz bizimlə oldu. Növbəti səfərlərə qədər…

P.S: Kənan deyirdi ki, səfərdən qayıdanda bir reportaj yazacam. İş elə gətirdi ki, bu dəfə o yox, mən yazası oldum. Görəsən, Kənan bu tarixi anları necə yazardı?

                                      Qasım Xuluflu, BDU Jurnalistika fakültəsinin I kurs tələbəsi