İnsanların etimadını qorumaq lazımdır

0
9

Cəmiyyətdə müəyyən təbəqədə qərarlaşan insanlar var ki, onlar daşıdıqları statuslara görə daim ictimaiyyət üçün maraqlı olurlar. Jurnalistlər isə öz fəaliyyətləri çərçivəsində onlarla xalq arasında bir növ körpü rolunu oynayır, əlaqələndirici kimi çıxış edirlər. 

Belə sahə nümayəndələri arasında idmançılar özlərinin xüsusi mövqeyi ilə seçilirlər. İdmançılarımızın qələbələri həmişə insanlar, o cümlədən azarkeşlər tərəfindən maraqla qarşılanır. Pərəstişkarlar həmin atletləri daha yaxından tanımaq, onların görünməyən tərəflərini görmək, hiss və həyəcanlarını duymaq istəyirlər. Bu zaman idman müxbirləri sanki oxucunun, tamaşaçının səsini eşidirmiş kimi konkrət atletlə əlaqə saxlayıb, bu və ya digər mövzu ilə bağlı (məsələn hansısa yarışa hazırlıq) onunla həmsöhbət olmaq istəyirlər. Əksəriyyət təklifi qəbul edir, sualları cavablandırır. Bir qisim isə hər vəchlə jurnalistdən qaçmağa çalışır. Başa düşürəm, idmançıların da gündəlik qayğıları, ailə problemləri var. Amma bu, heç bir halda müxbirə və onun işinə qeyri-ciddi yanaşmağa və ya nömrəni dövlət sirri kimi qorumağa əsas vermir. Bəli, müsahibin suala cavab verməmək hüququ var. Hətta istəsə müsahibədən imtina da edə bilər. Lakin əsla bir həftə günü- günə satandan sonra “bağışlayın, alınmadı” deməyə mənəvi haqqı yoxdur. Ən azından ona görə ki, respondentin səsləndirdiyi fikirlər jurnalistə yox, auditoriyaya, azarkeşlərə maraqlıdır. Ona pərəstiş edən olmayandan sonra idmançı kimə lazımdır? İkinci bir tərəfdən isə başa düşmək lazımdır ki, idmançını tanıdan, sevdirən də elə media nümayəndələridirlər. Odur ki, idmançının müxbirdən qaçması çox mənasız deyilmi? Məsələyə məntiqlə yanaşanda günahı həm də “Dördüncü hakimiyyət”, “Cəmiyyətin aynası” adına xələl gətirən qeyri- peşəkarlarda, hətta daha dəqiq desəm, reket jurnalistlərdə görmək lazımdır. Hansı ki, onlar özlərinin çirkin əməlləri ilə, obyektivlik, vicdanlılıq, operativlik, bitərəflilik, qərəzsizlik kimi peşə prinsiplərini özlərinə müqəddəs kodeks kimi seçən jurnalistlərin, doğrudan da, bəzən gözdən düşməsinə səbəb olurlar. Lakin bu, o demək deyil ki, hamı birdir. Bu gün ölkədə şərəf və ləyaqətlə öz işinin öhdəsindən layiqincə gələn peşəkarlar kifayət qədərdir. Onlar xalqa, millətə xidmət etməklə məşğuldurlar. Onlar üçün ən böyük vəzifə auditoriyanı lazımi informasiya ilə təmin etməkdir. Əfsuslar olsun ki, bəzən müxtəlif peşə nümayəndələrinin, o cümlədən idmançıların özlərini hamıdan üstün sayması, bəzən isə rekətçilik həqiqi jurnalistlərin öz işlərini yerinə yetirməsinə, idman azarkeşlərini məlumatlandırmağa, bilgiləndirməyə mane olur. Görəsən nə etmək, nə cür addım atmaq lazımdır ki, bu mənfi tendensiyanın qarşısı alınsın?! Hələ ki, dəqiq bilmirəm. Fəqət bundan əminəm: hər ailədə azı bir idman azarkeşi var. Onlara hörmət etmək lazımdır. Xalq çox böyük qüvvədir. Xalq lazım gələndə etimad göstərdiyi insanları hakimiyyətə gətirib, kimilərini taxtdan salıb. Daha qalanını özünü prezidentdən üstün sayan idmançılar və reketçilər düşünsün…
Kənan Novruzov