KİV-in informasiya siyasəti haqqında

0
25

Kənan Novruzov, BDU, Jurnalistika fakültəsinin III kurs tələbəsi

Bu yaxınlarda yoldaşlarla söhbət edirdik. Müzakirə zamanı aralarından biri sual verdi ki, filan KİV orqanına getsən onun informasiya siyasətində hansı dəyişiklikləri edərsən? Bax, elə bu sual da məni indi oxuyacaqlarınızı yazmağa sövq etdi.

Məlum olduğu kimi, informasiya bütün dövrlərin ən güclü silahıdır. Müasir dövrümüzdə isə informasiyanın ötürülməsi vəzifəsi, demək olar ki, ancaq KİV-in, o cümlədən mətbuatın, teleradio kanallarının öhdəsinə düşür. Hazırkı informasiya və media orqanları bolluğu şəraitində müxəlif qəzetlər, saytlar bu və ya digər fərdi xüsusiyyətlərinə görə fərqlənməyə, daha çox auditoriya qazanmağa çalışırlar. Onlar nəinki operativlikdə, obyektivlikdə bir-birləri ilə yarışırlar, həm də konkret informasiya siyasətləri ilə fərqlənməyə cəhd göstərir və bir çox hallarda bunu bacarırlar. Konkret informasiya siyasəti bəzən sonradan ixtisaslaşma ilə nəticələnir. Lakin bu, başqa yazının mövzusudur. Hələlik isə ancaq KİV-in informasiya siyasətindən danışaq.

Qeyd etdiyimiz kimi, teleradio kanalları, qəzetlər bir neçə xüsusiyyətə(dövriliyinə, formatına və s.), o cümlədən informasiya siyasətlərinə görə rəqiblərindən fərqlənirlər. İnformasiya siyasəti hər gün dəyişilən(və ya dəyişilə bilən) nüans deyil. Əksinə, daha stabildir. Məsələn, bəlkə də, il ərzində bir neçə dəfə hansısa qəzetin formatını, dövriliyini dəyişmək olar, amma informasiya siyasətini yox. İnformasiya siyasəti illərlə ilk gündə olduğu kimi davam edən, belə demək mümkünsə, konkret KİV-in mövqeyini, məramını müəyyənləşdirən amildir. Bəzən hətta bu və ya digər media qurumu yaranmamışdan əvvəl onun informasiya siyasəti məlum olur. Belədirsə, media qurumuna sonradan qəbul olan işçinin onun informasiya siyasətinə müdaxilə etmək fikrinə düşməsi nə dərəcədə düzgündür? Bu, dağdan gəlib bağdakını narahat etməyə bənzəmirmi? Həm də axı müxbir gedəcəyi KİV-in informasiya siyasətinə əvvəlcədən bələd olmalıdır. Əgər jurnalistin bundan xəbəri yoxdursa, şübhəsiz ki, heç bir peşəkarlıqdan söhbət gedə bilməz. Müsbət düşünüb, nəzərə alsaq ki, jurnalist hara gedəcəyini bilir onda da çox qəribə bir dilemma meydana çıxır: əgər informasiya siyasəti onu qane edirsə, niyə dəyişməyə çalışmalıdır? Yox, informasiya siyasətindən narazıdırsa, nə üçün həmin redaksiyaya üz tutur? Həqiqətən. qəribədir. Və həm də məntiqsizdir.

Bu gün “Şərq” qəzəti xəbər qəzeti olması ilə, “525-ci qəzet” xüsusi ədəbiyyat buraxılışları ilə seçilir. Elə buna görə də müstəqil mətbuatdan söhbət gedəndə ilk ağla gələn qəzetlərdəndirlər. Onları oxuculara sevdirən məhz öz dəst-xəttləri-informasiya siyasətləridir. Bu isə o deməkdir ki, informasiya siyasətini dəyişmək olmaz. Bu, birdən-birə auditoriyanın itirilməsinə səbəb ola bilər.

Yadda saxlamaq lazımdır ki, informasiya siyasəti hər bir KİV-in şəxsiyyət vasitəsidir. Hər bir KİV öz informasiya siyasəti ilə tanınır, mübarizə meydanında sözünü deyir.

İnformasiya siyasətini dəyişmək, ondan kənara çıxmaq nə media qurumuna, nə də onun auditoriyasına, yəni bizə sərf etmir. Qoyun, bu və ya digər KİV informasiya siyasəti baxımından necə varsa, elə də qalsın…